REGİONLAR
Muxtar respublikada mənəvi dəyərlərimizə daim diqqət və qayğı göstərilir
Naxçıvan, 26 yanvar, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizə, xalqımızın tarixi keçmişinə, mədəni irsinə hər zaman sonsuz məhəbbətlə yanaşıb, bu sahəyə diqqət və qayğı göstərib. Ulu Öndərimizin siyasəti bu gün muxtar respublikada uğurla davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan şəhərində yerləşən Milli Dəyərlər Muzeyinin ekspozisiya zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvanda mənəvi dəyərlərə qayğı” mövzusunda tədbirdə danışılıb.
Tədbirdə çıxış edən mərkəzin elmi katibi Nihad Tarverdiyev qeyd edib ki, Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda bu gün də milli-mənəvi dəyərlərimiz qorunur və yaşadılır. Bu, muxtar respublikada digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun uğurla davam etdirilməsinin nəticəsidir. Bu sahədə aparılan məqsədyönlü siyasət milli-mənəvi dəyərlərimizin dünyada təbliğinə və tanıdılmasına xidmət edir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov, Milli Dəyərlər Muzeyinin baş fond mühafizi Telman İbrahimov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşı Ruzi Süleymanov çıxış ediblər.
Sonra Milli Dəyərlər Muzeyinin ekspozisiyasına baxış olub.