DÜNYA
Kanadada internat məktəbinin bağçasında 93 qeydiyyatsız uşaq məzarı aşkarlanıb
Bakı, 26 yanvar, AZƏRTAC
Kanadanın Britaniya Kolumbiyası əyalətindəki internat məktəbinin bağçasında 93 qeydiyyatsız uşaq məzarı aşkarlanıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, əyalət administrasiyasının nümayəndəsi Villi Sellars məsələ ilə bağlı verdiyi açıqlamada 470 hektarlıq ərazidə axtarışların davam etdiyini bildirib. “Onilliklər boyunca bu məktəbdə uşaqların öldüyü və itkin düşdüyü barədə xəbərləri gəzirdi. Lakin bu xəbərlərə heç kim inanmırdı.
Ərazidə axtarış işləri ilə bərabər, məktəbdə baş verənlərlə bağlı araşdırmalara da başlanılıb. Araşdırmalar zamanı bu müəssisədə uşaqlara qarşı sistemli işgəncə, aclıq və cinsi təcavüz haqqında çoxsaylı hallara rast gəlinib. İstintaq zamanı, həmçinin kahinlərin arzuolunmaz körpələr də daxil olmaqla, uşaqların cəsədlərini göllərə, çaylara və məktəbin sobasına atdıqlarına dair sübutlar aşkar edilib”, - deyə Villi Sellars qeyd edib.
Xatırladaq ki, Kanadada ilk dəfə qeydiyyatsız uşaq məzarları ötən il mayın 29-da Britaniya Kolumbiyası əyalətinin Kamloops şəhərindəki köhnə internat məktəbinin bağçasında aşkarlanmışdı. Bu məzarlarda 215 uşağın qalıqları tapılmışdı.