REGİONLAR
“Naxçıvan Muxtar Respublikasının aqrar inkişafı” adlı kitabın təqdimatı olub
Naxçıvan, 26 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyevin “Naxçıvan Muxtar Respublikasının aqrar inkişafı” adlı kitabının təqdimatı olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev muxtar respublikada kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlərin əhəmiyyətini qeyd edib. Rektor diqqətə çatdırıb ki, təqdimatı keçirilən kitabda bu sahə ətraflı təhlil olunub. Bu baxımdan yeni nəşr aqrar sahə üzrə təhsil alan tələbələr və tədqiqatçılar üçün bələdçi rolunu oynaya bilər.
Ali təhsil ocağının İqtisadiyyat kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov bildirib ki, aqrar sahə ilə bağlı bütün mövzuların bir kitabda birləşdirilməsi tədqiqatçılar üçün bir informasiya bazası rolunu oynayır. Mühasibat uçotu və maliyyə kafedrasının professoru, iqtisad üzrə elmlər doktoru Teymur Abbasov qeyd edib ki, müəllif kitabda kompleks islahatların aparılması, aqrar təhlükəsizliyin təmin edilməsi, məhsulların ixrac olunması statistikası ilə yanaşı, heyvandarlığın müxtəlif sahələrindən quşçuluq, arıçılıq, balıqçılıq və digər bu kimi mövzular haqqında ətraflı məlumat verib.
Universitetin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Həsən Məmmədov vurğulayıb ki, müəllif kitabda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş hüquqi sənədləri, aqrar sahənin bütün istiqamətlərini ayrıca bölmə şəklində təhlil edərək oxucuların diqqətinə çatdırıb.
Daha sonra İqtisadiyyatın tənzimlənməsi ixtisaslaşması üzrə II kurs magistrant Mərhəmət Bayramov kitabın xüsusən tələbələr üçün faydalı bir mənbə olacağını qeyd edib.
Müəllif kitabın ərsəyə gəlməsində, nəşrində və təqdimatında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.