CƏMİYYƏT
Hökməli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Elvin Əlipşanov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman həmin şəxsdən 43 ədəd hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Elvin Əlipşanov ifadəsində heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu şəxsdən əldə etdiyini bildirib. O, Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu qeyd edib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.