CƏMİYYƏT
Dünyada koronavirusa yoluxanların sayı 350 milyon nəfəri keçib
Bakı, 26 yanvar, AZƏRTAC
Dünyada koronavirusa yoluxma faktlarının təsdiqlənmiş sayı 350 milyon nəfəri, ölüm hallarının sayı isə 5,6 milyon nəfəri keçib.
AZƏRTAC bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir.
COVID-19 pandemiyası dövrü ərzində yoluxmalarda ən yüksək göstərici yanvarın 20-də qeydə alınıb: 24 saat ərzində 4.041.420 yoluxma faktı. ÜST-nin statistikası yoluxanlar və ölənlər barədə yalnız ölkələrin təqdim etdiyi rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır. Yoluxanların sayı 300 milyon həddini yanvarın 8-də, 250 milyon həddini isə ötən il noyabrın 9-da keçib.
ÜST-yə daxil olan məlumatlara müvafiq olaraq, təsdiqlənmiş yoluxmaların ən çoxu ABŞ-da qeydə alınıb (70.153.597). Sonrakı yerlərdə Hindistan (39.799.202), Braziliya (24.044.255), Fransa (16.347.127) və Böyük Britaniya (15.953.689) gəlir. Ən çox ölüm halları ABŞ-da (860.113), Braziliyada (623.097) və Hindistanda (490.462) qeydə alınıb. Sonrakı yerləri Rusiya (327.448) və Meksika (303.183) tutur.
İndiyədək Azərbaycanda koronavirus infeksiyasına 636 min 956 yoluxma qeydə alınıb. Bu xəstəlik nəticəsində ölənlərin sayı isə 8623 nəfərə bərabərdir.