DÜNYA
Şimali Avropa ölkələrində koronavirusa rekord sayda yoluxmalara baxmayaraq pandemiya məhdudiyyətlərini zəiflədir və onlardan imtina edirlər
Stokholm, 26 yanvar, AZƏRTAC
Şimali Avropa ölkələrində koronavirusa rekord sayda yoluxmalara baxmayaraq pandemiya məhdudiyyətlərini zəiflədir və onlardan imtina edirlər.
AZƏRTAC xəbər verir ki, İsveç hökuməti koronavirus məhdudiyyətlərinin yumşaldılması barədə qərar qəbul edəndən sonra qonşu ölkələrin – Norveç, Danimarka və Finlandiyanın hakimiyyət orqanları da İsveçdən nümunə götürüblər.
Məsələn, Norveçdə bu ölkəyə gələnlər üçün məcburi karantin tələbindən imtina edilib. Finlandiya hökuməti, başda ölkənin Baş naziri Sanna Marin olmaqla bəzi məhdudiyyətlərin əvvəl planlaşdırıldığından daha tez ləğv olunması məsələsinə baxılacağını elan edib. Məhdudiyyətlərin yumşaldılması risk səviyyəsi aşağı olan mədəni və idman tədbirlərinin açılmasına, habelə restoranların iş saatının artırılmasına aid olacaq. Finlandiya hökuməti artıq razılığa gəlib ki, ali təhsil məktəblərində distant təlim barədə tövsiyələr və bəzi başqa məhdudiyyətlər yanvarın sonunda ləğv ediləcək.
Danimarkada Baş nazir Mette Fredeksenin çıxışını gözləyirlər. KİV-lərdə yayılan məlumata görə, Fredeksin hazırda qüvvədə olan bütün məhdudiyyətləri yaxın vaxtlarda ləğv etmək niyyətindədir. Belə ki, fevralın 5-dən etibarən COVID-19 ictimaiyyət üçün böhranlı təhlükə mənbəyi olan virus hesab edilməyəcək. Ölkə ərazisində fəaliyyət göstərən bütün ictimai müəssisələr pandemiyadan əvvəlki iş rejiminə qayıda biləcəklər.
Qeyd etmək lazımdır ki, Şimali Avropa ölkələrinin hökumətlərinin belə qərarları virusun indiyə qədər görünməmiş dərəcədə yayılmasına rəğmən qəbul edilir. Yoluxmanın çox sürətlə artmasını onunla izah edirlər ki, tam üstünlük təşkil edən “omikron” ştamı yoluxucu olsa da, əhalinin 80 faizdən çoxunun vaksinləndiyi İsveç, Danimarka, Norveç və Finlandiyada ölüm halları göstəricisinə təsir etməyib. Yerli ekspertlərin fikrincə, bu ölkələrdə məhdudiyyətlərin davam etdirilməsi öz əhəmiyyətini itirib, çünki “omikron” ştamının yayılmasını dayandırmaq mümkün deyil. Məhz bu səbəbdən, hər gün on minlərlə vətəndaşın virusa yoluxmasına və yoluxmaların daha da artmasına baxmayaraq Şimali Avropa ölkələri məhdudiyyət tədbirlərini zəiflədə biliblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm