REGİONLAR
Tərtər rayonunun Sarıcalı kəndində şəhidlərin xatirəsinə inşa edilən bulağın açılışı olub
Tərtər, 26 yanvar, AZƏRTAC
Tərtər rayonunun Sarıcalı kəndində şəhidlərin xatirəsinə inşa edilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin əməkdaşlarının, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, kənd sakinləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov tədbirdə çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, böyük qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Digər çıxış edənlər Sarıcalı kəndinin şəhidlərindən, onların Vətən müharibəsində göstərdikləri şücaətdən danışıb, şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
Sonra şəhidlərin xatirəsinə tikilmiş bulağın açılışı olub.