REGİONLAR
Tələbələr xaricdə doktorantura və ikili diplom proqramları barədə məlumatlandırılıblar
Gəncə, 26 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə yerləşən ali təhsil müəssisələrində tələbələrə xaricdə doktorantura və ikili diplom proqramlarının tanıdılması ilə bağlı təqdimat keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk görüş Gəncə Dövlət Universitetində (GDU) baş tutub. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə İdarəetmə Qrupunun rəhbəri Turan Topalova tələbələrə beynəlxalq təhsil təcrübələrinin təhsildə əhəmiyyətindən danışıb.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən görüşdə proqramın əsas məqsədinin ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi olduğu diqqətə çatdırılıb.
Azərbaycan Texnologiya Universitetində (ATU) isə tələbələrə İdarəetmə Qrupunun mütəxəssisi Günay Mustafayeva xaricdə doktorantura təhsilinin yaratdığı imkanlardan danışaraq, proqram haqqında ətraflı məlumat verib. Beynəlxalq ikili diplom proqramları üzrə mütəxəssis Tərlan Abbasova isə çıxışında Dövlət Proqramı çərçivəsində bakalavriat və magistratura pilləsi üzrə həyata keçirilən ikili diplom proqramları haqqında ətraflı danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.