SİYASƏT
1993-cü ilin 15 iyun tarixi Qurtuluş günü kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır
Tərtər, 16 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyəti, hökm sürən hərc-mərcliyi ətraflı təhlil etmiş, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışlar. Bildirilmişdir ki, dahi rəhbərin 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas olmuş, siyasi sabitlik və inkişaf başlanmışdır.
Çıxışlarda 1993-cü il 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanmışdır. Qeyd olunmuşdur ki, dahi öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır, ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətlənir.
Həmin gün Heydər Əliyev adına parkda rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı geniş konsert proqramı nümayiş olunmuşdur.