CƏMİYYƏT


1 Oktyabr - Beynəlxalq Ahıllar günüdür

Bakı, 1 oktyabr, AZƏRTAC

Ahılların qayğı ilə əhatə olunması Azərbaycanda aparılan sosial siyasətin prioritet istiqamətlərindən biridir. BMT Baş Məclisinin 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd edilir. Burada məqsəd cəmiyyətin diqqətinin ahılların problemlərinin həllinə yönəldilməsi, ahıllara diqqət və qayğının artırılmasıdır. Müstəqil Azərbaycanda ahıllarla bağlı dövlət siyasəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb. Ahıllara dövlət qayğısının ildən-ilə artması ilə müşahidə olunan bu humanist siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının müvafiq fərman və sərəncamlarına, 2004-cü ildə təsdiq edilmiş “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”na, 2006-cı ildə təsdiq edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na və digər sənədlərə əsasən ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyə qədər Azərbaycan Prezidenti tərəfindən imzalanan müvafiq sərəncamlarla yaşa görə əmək pensiyasının baza hissəsinin və sığorta hissəsinin mütəmadi olaraq artırılması təmin olunur. Cari ildə də bu istiqamətdə müvafiq addımlar atılıb. 2016-cı il iyulun 1-i vəziyyətinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 8,1 faiz artıb. Azərbaycan Prezidentinin 19 yanvar 2016-cı il tarixli Fərmanı ilə digər müharibə əlilləri kimi, İkinci Dünya müharibəsi əlillərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdləri də cari ildə növbəti dəfə artırılıb.

Bu vaxtadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1104 nəfər İkinci Dünya müharibəsi əlili və iştirakçısı olan ahıl vətəndaş minik avtomobili, həmin təbəqədən olan 117 nəfər şəxs isə mənzillə təmin edilib.

Hər il İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin ildönümü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanaraq, həmin müharibənin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir. Cari ildə də müvafiq Sərəncamla 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1000 manat, digərlərinə isə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Ödənilən birdəfəlik maddi yardımların məbləği də ildən ilə artırılır. Ötən illə müqayisədə cari ildə bu artım 25 faiz təşkil edib və müvafiq olaraq 800 manatdan 1000 manata, 400 manatdan 500 manata qaldırılıb. Azərbaycan MDB-yə üzv ölkələri arasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardım verilən ölkədir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri tərəfindən respublika üzrə 11,9 min nəfərdən çox tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilir. Onlardan 9555 nəfərini ahıllar, yəni yaşı 70-dən yuxarı olanlar, digərlərini I və II qrup əlillər təşkil edir. Onlar üçün müxtəlif ictimai-iaşə, ticarət, kommunal xidmətlərlə yanaşı, hüquqi məsləhət yardımları da təşkil olunur. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də tədbirlər görülür.

Nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatı tənha ahıl insanların dövlət himayəsində yaşadığı müəssisədir. Son illərdə pansionatda, pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib. Pansionatda ahıl insanların hərtərəfli təminatı üçün hər cür şərait yaradılıb. Onlar müəssisədə sanitariya-gigiyena tələblərinə cavab verən, zəruri mebel və avadanlıqlar ilə təchiz olunmuş yaşayış sahəsi, müəyyən edilmiş normalara və istismar müddətlərinə uyğun geyim, yataq dəstləri ilə, qida normalarına uyğun olaraq gündə 3 dəfə yeməklə təmin olunurlar.

Hər il 1 Oktyabr Beynəlxalq Ahıllar Günü ərəfəsində ölkəmizdə ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmağa düçar olmuş insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlmiş kompleks işlər aparılır.

2011-ci il 30 dekabr tarixli “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşı 70-ə çatmış şəxs ahıl hesab olunur. Hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.