Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Mustafa oğlu Hacılının 14 oktyabr 2013-cü il tarixli 18 saylı müraciətinə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılı 2013-cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 33 saylı Xətai birinci seçki dairəsinin seçki məntəqələrinin heç birində səsvermə günü protokolların tərtib edilməsinə dair qanunvericiliyin tələblərinə əməl olunmamasına baxmayaraq, həmin hal üzrə vermiş olduğu şikayəti təmin etməyən qeyd edilən seçki dairəsinin dairə seçki komissiyasının 11/26 saylı 13 oktyabr 2013-cü il tarixli qərarının ləğv edilərək mahiyyəti üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq iddia edilən qanun pozuntularının müəyyən olunması üçün zəruri olan sübut əhəmiyyəti kəsb edən mümkün materialların toplanılması üçün lazımi tədbirlər görülmüş, müraciətin araşdırılmasına dair müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Beləliklə, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, həmin dairə üzrə seçki məntəqələrində protokolların tərtib edilməsinə dair qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar iddialar ümumi xarakterli olmaqla öz təsdiqini tapmadığından, müraciət əsassız hesab edilərək təmin edilməməlidir.

Belə ki, araşdırma prosesində iştirak etmiş şikayətçi Mustafa Hacılının araşdırmaya sübut kimi təqdim etdiyi, onun və məşvərətçi səs hüquqlu üzv Qulamova Zərifə Yusif qızının adından imzalanmış, ümumi xarakterli yeganə akt bütün seçki məntəqələrində baş verməsi iddia olunan hallarla bağlıdır. İki nəfərin 35 seçki məntəqəsində eyni vaxtda olmaları və bu və ya digər qanun pozuntularını rəsmiləşdirmələrini təsəvvür etmək belə asan olmadığından həmin aktın hər hansı sübut əhəmiyyəti daşıyan sənəd kimi qəbul edilməsi mümkün deyildir.

Eyni zamanda, araşdırma prosesində mübahisələndirilən hallara dair Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq seçki dairəsini əhatə edən səsvermə günü seçki məntəqələrində müşahidə aparmış 111 nəfər müxtəlif statuslu şəxslərdən alınmış izahatlarda iddia edilən hallar öz təsdiqini tapmamış, əksinə prosesin tamamilə qanunvericiliyin tələblərinə tam cavab verdiyi müəyyən olunmuşdur.

Belə ki, 33 saylı Xətai birinci seçki dairəsinin müxtəlif seçki məntəqələrində səsvermə günü müşahidə aparanlar, 1 saylı seçki məntəqəsində Tarverdiyev Murad Ulfət oğlu, Əhmədov Bayram Musaəl oğlu, 3 saylı seçki məntəqəsində Qafarov Həsən İsmayıl oğlu, 5 saylı seçki məntəqəsində Həsənov Rahib Həsənbala oğlu, 10 saylı seçki məntəqəsində Hüseynov Elxan Əlibala oğlu, 17 saylı seçki məntəqəsində Əliyev Gəray Həmid oğlu, İbrahimov Ramiz Məmməd oğlu, 19 saylı seçki məntəqəsində Salmanova Mehriban Yusif qızı, 22 saylı seçki məntəqəsində Həsənov Ceyhun İbrahim oğlu, 23 saylı seçki məntəqəsində Quliyev Abbasəli Bayram oğlu, Məmmədov Şahin Əvəz oğlu, 34 saylı seçki məntəqəsində Qafarov Nahid Zaid oğlu öz izahatlarında 9 oktyabr 2013-cü ildə saat 07.45 radələrində yuxarıda qeyd edilən seçki məntəqələrinə gəlmələrini və seçki prosesini axıra kimi izləyərək, səslərin sayılmasını və səsvermənin nəticələrinə dair protokolun doldurulmasını müşahidə etdiklərini və bu zaman heç bir qanun pozuntusuna rast gəlmədiklərini, habelə səsvermənin nəticələrinə dair protokolun surətini aldıqdan sonra seçki məntəqəsini tərk etdiklərini bildirmişlər.

Qeyd edilən seçki dairəsi üzrə 6 saylı seçki məntəqəsində müəyyən fasilələrlə müşahidə aparmış Axundov Faiq Gülməmməd oğlu, 7 saylı məntəqəsində Ağayev Müşfiq Firdovsi oğlu, 8 saylı seçki məntəqəsində Kərbalayev İbrahim, 9 saylı seçki məntəqəsində Kərimov Kərim, 10 saylı seçki məntəqəsində Qarayev Samir Arif oğlu, 11 saylı seçki məntəqəsində Paşayev İsmayıl Lalıverdi oğlu, 18 saylı seçki məntəqəsində Cəfərov Gülağa Hüseyin oğlu, 19 saylı seçki məntəqəsində Paşayeva Sevinc Aslan qızı, Zeynalov Əşrəf Zeynal oğlu, 22 saylı seçki məntəqəsində Haqverdiyev Tahir Əyyub oğlu, 23 saylı seçki məntəqəsində Unbayev Anar Arif oğlu, Abdullayev Habil Əmir oğlu, Nəcəfov Səxavət Musa oğlu, 24 saylı seçki məntəqəsində Qəmbərov Teymur Allahverdi oğlu, Cəbrayılov Anar Asif oğlu, 29 saylı seçki məntəqəsində Bağırov Natiq Mustafa oğlu, 13 saylı seçki məntəqəsində Həmidov Şəfa Nurəddin oğlu, 20 saylı seçki məntəqəsində Əkbərov Vasif, 25 saylı seçki məntəqəsində Ağayev Zöhrab, 30 saylı seçki məntəqəsində Həsənov Rövşən Fərman oğlu, 28 saylı seçki məntəqəsində Abdullayev Ceyhun Vaqif oğlu da öz izahatlarında səsvermənin gedişatını müəyyən fasilələrlə izlədiklərini, səsvermə prosesinin qanunvericiliyin tələblərinə uyğun keçdiyinin və heç bir qanun pozuntusunun baş verməməsinin şahidi olduqlarını qeyd etmişlər. Eyni zamanda izahatlarda o da qeyd olunur ki, qanunvericiliyin tələblərinə uyğun doldurulmuş protokolların surətlərini heç bir maneə olmadan əldə etmişlər.

Adıçəkilən dairənin 27 saylı seçki məntəqəsində müşahidə aparmış Məmmədov Bəhmən Bəşir oğlu, 15 saylı seçki məntəqəsində Kərimov Rəhim Vaqif oğlu, 14 saylı seçki məntəqəsində Quliyeva Rəna Məmməd qızı, 3 saylı seçki məntəqəsində Tahirov Bəxtiyar Mayis oğlu, 1 saylı seçki məntəqəsində Hüseynov Ramiz Hüseyin oğlu, Quliyev Sucaət Ağasəlim oğlu, 5 saylı seçki məntəqəsində Bayramov Rasim Hüsü oğlu öz izahatlarında seçki prosesini müşahidə etdiklərini, seçki məntəqəsinə səsvermə başlandıqdan sonra gəldiklərini, səslərin hesablanması və səsvermənin yekunlarına dair protokolların doldurulması prosesini axıradək izlədiklərini, habelə heç bir qanun pozuntusunun qeydə alınmadığını və protokolun surətinin onlara verildiyini bildirmişlər.

Bundan əlavə, məşvərətçi səs hüquqlu komissiya üzvləri, 20 saylı seçki məntəqəsində Əzimov Cavid Səttar oğlu, 16 saylı seçki məntəqəsində Əliyev Azər, 33 saylı seçki məntəqəsində Hüseynov Elnur Yusif oğlu və 3 saylı seçki məntəqəsində Qafarov Həsən İsmayıl oğlu öz izahatlarında seçki məntəqələrində səsvermə prosesinin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini, səsvermənin yekunlarına dair protokolun onların müşahidəsi altında tərtib olunduğunu və onun bir surətini aldıqdan sonra məntəqəni tərk etdiklərini bildirmişlər.

Bundan başqa, 33 saylı Xətai birinci seçki dairəsinin bütün seçki məntəqələri üzrə səsvermə prosesini, səslərin sayılmasını, səsvermənin nəticələrinə dair protokolların doldurulmasını müşahidə etmiş və protokolların surətini almış müxtəlif səlahiyyətli şəxslər həmin gün prosesin qanunvericiliyin tələblərinə cavab verməsi barədə müxtəlif aktlar tərtib etmişlər.

Həmin aktlardan 30 saylı seçki məntəqəsində 10 nəfər tərəfindən tərtib olunmuş aktı xüsusi qeyd etmək yerinə düşər ki, aktı imzalamış müxtəlif qüvvələrin təmsilçiləri olmuş Əbdürəhmanov Elnur Kamal oğlu (BAXCP), Mehdiyev İlham Adil oğlu (ASRP), Həsənov Anar Həmid oğlu (BQP) Qəhrəmanov İxtiyar (Ədalət Partiyası), Səfərov Teymur Vaqif oğlu (YAP), Əliyev İlqar Orxan oğlu (AVP), Həsənov Emil Nahid oğlu (bitərəf), Mustafayev Pərviz Ədalət oğlu (BAXCP) ilə yanaşı Milli Şuranın təmsilçisi Mehdiyev Ramin Akif oğlu da prosesin qanunvericiliyin tələblərinə uyğun aparıldığını təsdiq etmişdir.

Araşdırma zamanı o da müəyyən edilmişdir ki, 24 saylı seçki məntəqəsində 15 nəfərin, 25 saylı seçki məntəqəsində 9 nəfərin iştirakı ilə tərtib edilmiş və seçki prosesinin həqiqətən də qanunvericiliyin tələblərinə uyğun keçirilməsini təsdiq edən aktları Milli Şuranın təmsilçiləri Ramin İlyas oğlu Camalov və Rövşən Şövlət oğlu İmanov da öz imzaları ilə təsdiq etmişlər.

14 və 15 saylı seçki məntəqələrində tərtib edilmiş aktlarda müxtəlif partiyaların təmsilçiləri ilə yanaşı, beynəlxalq müşahidəçilər də həmin məntəqələrdə heç bir qanun pozuntusuna yol verilməməsini qeyd etmişlər.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır :

1. 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Mustafa oğlu Hacılının 14 oktyabr 2013-cü il tarixli, 18 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının 13 oktyabr 2013-cü il tarixli, 11/26 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin