İQTİSADİYYAT
2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi qəbul edilib
Bakı, 29 may, AZƏRTAC
Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunduqdan sonra qəbul edilib.
Layihə barədə danışan Milli Məclisin iqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev deyib ki, 2014-cü ilin dövlət büdcəsi 308 milyon 434 min 756 manat kəsirlə icra olunub. 2015-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1,7 milyard manat təşkil edib. 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək. Həmçinin Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində büdcə gəlirlərinin 18400565,2 min manat, xərclərin 18709000,0 min manat olduğu qeyd edilir. Layihəyə əsasən, ötən il müdafiə xərcləri 1 milyard 516 milyon 88 min 211 manat, təhsil xərcləri 1 milyard 553 milyon 864 min 912 manat təşkil edib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və maliyyə naziri Samir Şərifov büdcənin icra vəziyyəti barədə hesabatla çıxış ediblər.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.