DÜNYA
2014-cü ilin meteoroloji müşahidələr tarixində ən isti il olacağı gözlənilir
Bakı, 21 noyabr, AZƏRTAC
Amerikalı alimlər Yer kürəsində yeni temperatur rekordları qeydə almaqda davam edir və bu ilin meteoroloji müşahidələrin 135 illik tarixində ən isti il olacağını gözləyirlər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın okean və atmosferin tədqiqinə dair Milli İdarəsinin yeni tədqiqatlarının nəticələrinə dair dərc etdirdiyi məqaləsində deyilir. Məlumata görə, oktyabr ayında planetimizdə orta temperatur Selsi şkalası üzrə rekord həddə - 14,74 dərəcəyə çatıb. Rekord göstəricilər həmçinin may, iyun, avqust və sentyabr aylarında da müşahidə olunub.
Amerika ekspertlərinin hesablamalarına görə, bu ilin ilk 10 ayı meteoroloji müşahidələrin bütün tarixi ərzində ən isti dövrünü təşkil edib. Bu müddət ərzində 14,78 dərəcə orta temperatur qeydə alınıb.
ABŞ-ın okean və atmosferin tədqiqinə dair Milli idarəsinin əməkdaşları 2014-cü ilin ən isti il olacağının və bütün illərin rekordunu qıracağının şübhə doğurmadığını deyirlər.
Birləşmiş Ştatların kosmik idarəsinin hesablamalarına görə, 10 ən isti yay fəslinin 9-u bu yüzillikdə müşahidə olunub və mütləq temperatur rekordu 2005-ci və 2010-cu illərin payına düşüb.
Ümumilikdə, XXI əsrin ötən dövründə orta temperatur keçən yüzilliklə müqayisədə 0,6 dərəcə artıb. Qlobal istiləşmənin əsas səbəblərindən biri karbon qazının havaya atılması nəticəsində yaranan parnik effektidir. Alimlər bu qazın keçən il qeydə alınmış atmosferdəki miqdarının 135 il bundan əvvəlki göstəricidən iki dəfədən də çox olduğunu qeyd edirlər.