İDMAN
2015/2016-cı il mövsümündə Topaz Premyer Liqasında birincilik uğrunda 10 klub mübarizə aparacaq
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da “Park İnn Baku” mehmanxanasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, aparılan müzakirələrdən sonra 2015/2016-cı il mövsümündən başlayaraq Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunması qərara alınıb. İyirmi bir yaşadək futbolçuların illik maaşı maksimum 30 min, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min manatadək müəyyənləşdirilib. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara xalların silinməsi, maliyyə sanksiya və futbolçunun diskvalifikasiyası kimi cəzalar tətbiq olunacaq.
2015/2016-cı il mövsümündə Topaz Premyer Liqası klublarının sayı 10 klub olaraq müəyyənləşdirilib. Cari mövsümdə Topaz Premyer Liqasında sonuncu pilləni tutan komanda çıxışını birinci divizionda davam etdirəcək. Qərara alınıb ki, Topaz Premyer Liqasına birinci diviziondan AFFA-nın lisenziyalaşdırma qaydalarına uyğun olan iki klub yüksəlsin.
Növbəti mövsümdə ölkə çempionatının oyunlarının yayımı ilə əlaqədar AFFA tərəfindən televiziyalar və şirkətlər üçün tender keçiriləcək.