İQTİSADİYYAT
Hesablama Palatasının 2015-2017-ci illər üçün Strateji İnkişaf Planının icrasına dair Tədbirlər Planı təsdiqlənib
Bakı, 28 fevral, AZƏRTAC
Hesablama Palatası kollegiyasının növbəti iclasında “2015-2017-ci illər üçün Strateji İnkişaf Planının icrasına dair Tədbirlər Planı” müzakirə olunub.
Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda Strateji İnkişaf Planında nəzərdə tutulmuş əsas prioritet istiqamətlər, o cümlədən Palatanın dövlət büdcəsinin təhlili və audit funksiyalarının icrası ilə potensialının artırılması, hüquqi çərçivənin təkmilləşdirilməsi, audit standartlarının tətbiqi, insan resurslarının idarəolunması və təlim sisteminin inkişafı, kənar tərəfdaşlarla əlaqələrin yaradılması, həmçinin risklərin idarəolunması ilə bağlı məqsədlər diqqətə çatdırılıb. Qoyulmuş əsas və altməqsədlərə nail olunması istiqamətində tədbirləri əhatə edən Fəaliyyət Planı müxtəlif istiqamətlər üzrə ayrı-ayrılıqda müzakirə edilib, həyata keçirilməsi ilə bağlı real müddətlər müəyyənləşdirilərək “2015-2017-ci illər üçün Strateji İnkişaf Planının icrasına dair Tədbirlər Planı” təsdiqlənib.
Kollegiyada, eyni zamanda, bir sıra nəzarət tədbirləri üzrə: dövlət büdcəsinin dövlət xidmətləri, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Xətai Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair; Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər MR Mədəniyyət və Turizm Nazirliyi Aparatının və Nazirliyin mərkəzləşdirilmiş hesabatlılığından maliyyələşən təşkilatların saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və büdcədənkənar vəsaitlərin icrasına dair proqramlar təsdiq olunub.