Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2015-ci il tarixli 48 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi özü tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə irəli sürülmüş Mehdiyev Sərvər Abasqulu oğlu 7 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd S.A.Mehdiyev müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, namizədliyinin müdafiəsi üçün seçici imzaları toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası S.A.Mehdiyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.

Namizəd S.A.Mehdiyev ilə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir.

Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 8 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, S.A.Mehdiyevin namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan 550 imzadan 418-i etibarlıdır.

Bununla da namizədin qeydə alınması üçün lazım olan etibarlı seçici imzalarının sayı yetərli olmadığından, namizədin qeydə alınması üçün əsaslar yaranmamışdır.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün azı 450 seçici imzası onun irəli sürüldüyü seçki dairəsinin ərazisindən toplanmalıdır.

Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının S.A.Mehdiyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 4 oktyabr 2015-ci il tarixli 21/57 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 57-ci, 59.12-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi öz təşəbbüsü ilə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə irəli sürülmüş Mehdiyev Sərvər Abasqulu oğlunun 7 oktyabr 2015-ci il tarixli 48 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin dairə seçki komissiyasının 4 oktyabr 2015-ci il tarixli 21/57 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin