Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 59 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi özü tərəfindən 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə irəli sürülmüş Kazımov Azər Xudayar oğlu 8 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd A.X.Kazımov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, namizədliyinin müdafiəsi üçün seçici imzalarını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası namizədliyi özü tərəfindən irəli sürülmüş A.X.Kazımovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin müdafiəsi üçün seçici imzaları Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydaların pozulması ilə toplanılmışdır.

Araşdırma zamanı ərizəçi ilə əlaqə saxlanılmasına cəhd göstərilsə də, bu, mümkün olmamışdır.

Mərkəzi Seçki Komissiyasında aparılmış araşdırma prosesində imza vərəqələrinə daxil edilmiş seçicilərdən 193-nün 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin ərazisində yaşamadığı, qeydiyyatda olmadığı və həmin seçki dairəsi üzrə seçici siyahılarında adlarının olmadığı müəyyən edilmişdir.

Seçki Məcəlləsinin 56.2-ci və 147.1-ci maddələrinə əsasən, namizədin müdafiəsi üçün azı 450 seçici imzası onun irəli sürüldüyü seçki dairəsinin ərazisindən toplanmalıdır.

Namizəd A.X.Kazımovun müdafiəsi üçün toplanmış seçici imzalarından yuxarıda qeyd edilən əsaslara görə 193-nün etibarsız hesab edildiyi və qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olduğu üçün, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.

Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının A.X.Kazımovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 6 oktyabr 2015-ci il tarixli 22/64 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 59.12-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi öz təşəbbüsü ilə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə irəli sürülmüş Kazımov Azər Xudayar oğlunun 8 oktyabr 2015-ci il tarixli 59 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 22/64 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin