CƏMİYYƏT
2015-ci ildə sosialyönümlü büdcə xərcləri əvvəlki illə müqayisədə 5 faiz artıb
Bakı, 11 fevral, AZƏRTAC
Ötən ildə sosialyönümlü büdcə xərcləri əvvəlki illə müqayisədə 5 faiz artıb, təkcə təhsilə 1 milyard 605 milyon manat vəsait sərf olunub ki, bu da əvvəlki illə müqayisədə 3,3 faiz çoxdur.
Bu rəqəmlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-ın saytında dərc olunan təhlili məqaləsində yer alıb. Neftin qiymətinin düşməsi hesabına dövlət büdcəsinin gəlirlərinin 2,3 milyard manat və ya 11,6 faiz az olmasına baxmayaraq, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, digər vətəndaşlara verilən pensiya və müavinətlər tam ödənilib.
Prezident İlham Əliyev 2016-cı il yanvarın 10-da ilin yekunlarına həsr olunmuş iclasda qeyd edib ki, keçən il bütün sosial proqramlar icra edilib, bu sahədə heç bir ixtisar olmayıb və insanlara daha böyük məbləğdə ünvanlı sosial yardım verilib. 112 min ailə - təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alıb və bu məbləğ bütövlükdə 7 faiz artıb, eyni zamanda, sosial infrastruktur layihələri icra edilib. Ötən il 60-a yaxın tibb müəssisəsi, 20-dən çox məktəb təmir edilib tikilib, hazırda 23 məktəbdə təmir işləri aparılır.
Məqalədə qeyd olunur ki, səhiyyə xərclərinə 708 milyon manat, əhalinin sosial rifahının yaxşılaşmasına isə 1 milyard 857 milyon manat vəsait yönəldilib. Burada qaçqın və məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək üçün dövlət büdcəsindən və Dövlət Neft Fondundan ayrılan vəsaitləri də nəzərə alsaq, kifayət qədər böyük rəqəm alınır.