ELM VƏ TƏHSİL
2016-2017-ci tədris ili üzrə SOCAR-AQŞ Tələbə Təqaüdü müsabiqəsinin qalibləri elan olunub
Bakı, 5 oktyabr, AZƏRTAC
SOCAR-AQŞ neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri İbrahim Məmmədova və Yasin Musayevə müəssisənin 2016-2017-ci tədris ili üçün nəzərdə tutulan Tələbə Təqaüdünün verilməsi qərarını açıqlayıb. Təhsildə yüksək nailiyyət əldə edən və nümunəvi davranış göstərən hər iki tələbə müəssisə tərəfindən təşkil olunmuş müsabiqəni uğurla keçərək qalib olublar.
SOCAR-AQŞ-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və ali təhsil müəssisələrinin pedaqoji-müəllim heyəti iştirak ediblər.
E.Qasımov bildirib ki, SOCAR-AQŞ yarandığı gündən gənc kadrların hazırlanması məsələsinə xüsusi həssaslıqla yanaşır.
“Gələcəyin qazma mühəndisləri üçün Tələbə Təqaüdünün təsis edilməsi hər bir yerli sənaye müəssisəsi üçün örnək olmalıdır. Hər iki tələbə respublikamızın bölgələrində boya-başa çatmış gənclərdir. Onlar təhsildə əldə etdikləri nailiyyətlərə və yüksək akademik göstəricilərə görə digər tələbələri üstələyərək müsabiqənin qalibi olublar. Onlara bu uğuru qazandıran yalnız və yalnız bilikdir. Bilik, zəhmət və öz üzərində davamlı olaraq çalışmaq istənilən zəfəri əlçatan edir”, - deyə E.Qasımov qeyd edib.
Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Qasım Məmmədov deyib ki, neft-qaz mühəndisliyi sahəsi üzrə təqaüdün təsis edilməsi tələbələr arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq istiqamətində tətbiq edilən uğurlu layihələrdən biridir: “SOCAR-AQŞ ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əlaqələrin bugünkü mənzərəsi bizi qane etməklə yanaşı çox sevindirir. Tələbəmiz Yasin Musayevin qələbəsi həm də fədakar müəllimlərimizin uğurudur”.
SOCAR-AQŞ-nin Baş direktoru Ramin İsayev qeyd edib ki, milli qazma sənayesində yeni texnika və texnologiyaların uğurlu tətbiqi ilə bir sıra yeniliklərə imza atan müəssisə gənc kadrların yetişdirilməsi üçün öz səylərini ilbəil gücləndirir.
“Sənaye müəssisələri ali təhsil məktəbləri və elmi araşdırma mərkəzləri ilə yaxından əməkdaşlıq etməyə həvəslə yanaşmalıdırlar. Ümidvaram ki, müəssisəmizin təqaüdünə layiq görülən bu tələbələr gələcəkdə Azərbaycanın qazma sənayesinə töhfələr verə bilən peşəkar qazma mühəndisləri olacaqlar”, - deyə R.İsayev qeyd edib.