İQTİSADİYYAT


2016-cı il Azərbaycanın turizm sektorunda mühüm yeniliklər və islahatlarla yadda qalacaq

Bakı, 30 dekabr, AZƏRTAC

Yola salmağa hazırlaşdığımız 2016-cı il ölkəmizdə turizm sahəsində çox mühüm yeniliklərlə yadda qalacaq. Belə ki, Azərbaycan turizminin qarşıdakı illərdə inkişafını stimullaşdıracaq fərman və sərəncamlar imzalanıb, prioritet hədəflər müəyyənləşdirilib, müxtəlif layihələr həyata keçirilib. 

Təbliğat-təşviqat 

Azərbaycanın mədəni irsinin və turizm potensialının ölkəmizdə və xaricdə təbliği Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətidir. Bu sırada beynəlxalq turizm sərgilərində iştirak xüsusi yer tutur. İl ərzində İstanbul, Dubay, Tokio, Berlin, Madrid, Nyu-York, London, Moskva, Paris və digər şəhərlərdə - ümumilikdə 18 beynəlxalq turizm sərgisində ölkəmizin milli stendi qurulub. Nazirliklə yanaşı, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri də bu sərgilərdə iştirak ediblər.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrda Parisdə “Azərbaycan şəhərciyi” adlı sərgi və digər silsilə tədbirlər keçirilib. Ölkəmizin turizm imkanlarına dair reklam çarxları CNN, “Euronews” və Rusiyanın dörd telekanalında nümayiş olunub.

Martın 5-6-da Bakı ilk dəfə Lüsern Dünya Turizm Forumu Beyin Mərkəzinin toplantısına ev sahibliyi edib. Tədbirdə 30-a yaxın transmilli korporasiyanın, qlobal qeyri-hökumət təşkilatlarının rəhbərləri təmsil olunublar. Aprel ayında isə paytaxtımızda ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) keçirilib. Sərgi bu il 15 yaşını qeyd edən AİTF Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən də dəstəklənib. 29 ölkədən 300-dən çox şirkət və təşkilatın qatıldığı sərgidə Azərbaycanın şəhər və rayonlarının da stendləri yer alıb.

Elektron vizalar “ASAN”laşdırılıb 

Dövlət başçısı 2016-cı il 1 iyun tarixində “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərman verib. Dekabrda “ASAN Viza” portalının təqdimat mərasimi olub. Hazırda test rejimində fəaliyyət göstərən portal 2017-ci il yanvarın 10-dan etibarən tam istifadəyə veriləcək. “ASAN Viza” portalının yaradılmasında məqsəd ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir. Elektron viza almaq üçün zəruri olan məlumatları daxil edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müəyyən olunmuş dövlət rüsumunu ödəyərək 3 iş günü müddətində vizanı əldə edə biləcək.

Viza prosedurunun sadələşdirilməsi nəticəsində 2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 1 milyon 719 min nəfərə çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 169 min (10,9 %) çoxdur.

2016-cı il Azərbaycana ərəb ölkələrindən gələn turistlərin sayında kəskin artım ili kimi də tarixə düşüb. Belə ki, ərəb ölkələrindən gələnlərin sayı 8 dəfəyədək, təkcə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələnlərin sayı isə 33 dəfə artıb. 2016-cı ildə 12 ölkənin (Körfəz ölkələri, Çin, Koreya Respublikası, Yaponiya, Sinqapur, Malayziya, İndoneziya) vətəndaşlarına hava limanlarında viza verilməsi təmin edilib.  

Sektorun inkişafında yeni mərhələ 

Bu il turizmə dair bir sıra mühüm əhəmiyyətli sənədlərin hazırlanması ilə də yadda qalıb. Heç şübhəsiz ki, bunlardan ən mühümü Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və 6 dekabrda fərmanla təsdiq etdiyi “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dir. Atılan bu addımları ölkə turizminin inkişafında yeni mərhələnin başlanması kimi də qiymətləndirmək olar.

Sərəncama əsasən Turizm Şurası yaradılıb. Şura turizm sahəsinin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında koordinasiya funksiyasını yerinə yetirəcək. Ölkə başçısının Sərəncamında Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) keçirilməsi ilə bağlı da müəyyən tapşırıqlar verilib. Sərəncamda, həmçinin ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdəki səfirliklərimizdə turizm nümayəndəliklərinin yaradılması, əlverişli aviareyslərin açılması, çimərlik turizminin inkişafı, turizm və rekreasiya zonalarının təşkili kimi məsələlər də öz əksini tapıb. Bundan əlavə, Sərəncama uyğun olaraq hər il sentyabrın 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.

Ölkəmizin turizm sənayesində 2016-cı ildə həyata keçirilən yeniliklərdən biri də “Tax free” sisteminin tətbiq olunması idi. Bu sistemin tətbiqi ilə xarici turistlərin ölkəmizdə daha çox alış-veriş etmələrinə müsbət təsir göstərəcək.

Strateji Yol Xəritəsi - hədəflər əlçatmaz deyil

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də ölkə turizminin gələcək inkişafı ilə bağlı bir sıra məsələlər öz əksini tapıb. “Yol Xəritəsi” qısa, orta və uzunmüddətli dövr üçün Azərbaycanda turizm sektorunun inkişafı məqsədilə hazırlanıb. Sənəddə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. Mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycanın 2025-ci ilədək cəlbedici turizm məkanlarından birinə çevrilməsi planlaşdırılır. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir. 2025-ci ilə qədər Azərbaycanın yerləşdiyi region daxilində ən hərəkətli hava limanlarından birinə malik olması məqsədi də qarşıya qoyulub. Bununla Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayının 100-ə çatdırılması hədəflənir. 2020-ci ildə ümumilikdə 8500 olmaqla, bilavasitə turizm sektorunda 6100 yeni iş yerinin açılacağı proqnozlaşdırılır.

Prezident İlham Əliyev dekabrın 27-də “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə” və Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq edilib. Sənəddə, həmçinin “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin yaradılması və digər məsələlər əksini tapıb. Bu il “Turizm haqqında” yeni qanun layihəsinin də Milli Məclisin komitələrində ilkin müzakirələri keçirilib.

Peşəkar kadr günün tələbidir 

Bu gün Azərbaycanın turizm sənayesində çalışanların sayı 40 min nəfəri ötüb. Turizm obyektləri ilə yanaşı, xidmət sektoru, turizm üzrə mütəxəssislərin hazırlanması və həmin müəssisələrdə işlə təminat da əsas məqamlardandır. Bu baxımdan Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci, eləcə də Bakı Turizm Peşə Məktəbi kadr hazırlığında özünü doğruldur. Hazırda Azərbaycan Turizm və Menecment Universitetində 3 fakültə, 10 kafedra, 13 ixtisas üzrə bakalavr səviyyəsində 1744 nəfər, magistraturada 134, ikinci ali təhsildə 41, ilk peşə ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 500 şagird biliklərə yiyələnir.

Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq bölgələrdə turizm peşə təhsili müəssisələrinin yaradılması istiqamətində müvafiq addımlar atılır. Yaxın vaxtlarda Qusar rayonunda belə turizm peşə məktəbi fəaliyyətə başlayacaq. Həmçinin Masallı və İsmayıllı rayonlarında da turizm peşə məktəblərinin açılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.