REGİONLAR
2016-cı il ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində dönüş ili olmalıdır
Bakı, 17 sentyabr, AZƏRTAC
2016-cı il ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində dönüş ili olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev giriş nitqində bildirib.
Sovet dövründə Azərbaycanda üzümçülük, pambıqçılıq, tütünçülük, çayçılıq, baramaçılıq və digər sahələrin inkişaf etdiyini, lakin Sovet İttifaqı dağılandan sonra bu sahələrdə çətin vəziyyətin yarandığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, biz bu gün respublika üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik və 2016-cı il bu istiqamətdə dönüş ili olmalıdır.
Bu il baramaçılıqda böyük inkişafın müşahidə olunduğunu bildirən Prezident İlham Əliyev deyib: “Əgər 2015-ci ildə cəmi 200 kiloqram yaş barama istehsal olunubsa, bu il 70 tona çatıb. Görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra Azərbaycanda min ton barama tədarük ediləcək. Görün minlərlə, on minlərlə insan nə qədər böyük qazanc əldə edəcək. Bu il tütünçülüklə bağlı ciddi addımlar atılıb. Biz tütünün tədarükünü iki dəfə artırmaq niyyətindəyik. Əvvəlki illərdə üzümçülüklə bağlı görülmüş tədbirlər öz bəhrəsini verir. Ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil və daha da böyük investisiyalar qoyulmalıdır”.