Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 may 2016-cı il tarixli 03 saylı, 18 may 2016-cı il tarixli 04 və 05 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Dadaşov Təbriz Söhrab oğlu 2016-cı il mayın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, deputatlığa namizəd Ağa-zadə İqbal Fehruz oğlunun xeyrinə imza vermiş seçicilərə həmin seçki dairəsi dairə seçki komissiyasının sədri və deputatlığa qeydə alınmış namizəd Cavid Osmanov tərəfindən təzyiqlər göstərildiyini, imzalarından imtina edilməsi barədə onlardan ərizələrin yığıldığını, Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Əliyev Taleh Məhəmməd oğlu və həmin partiyanın sədr müavini Abbasov Elman Abdulla oğlu imza toplayan şəxs qismində 2016-cı il mayın 18-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 2016-cı il mayın 6, 7, 8-də deputatlığa namizəd İ.F.Ağa-zadənin müdafiəsi üçün seçici imzaları toplanılarkən qeydə alınmış namizəd C.Osmanovun tərəfdarlarının onlara qarşı təzyiqlər göstərdiklərini, yerli icra və bələdiyyə qurumlarının da onlara bu işdə yaxından köməklik etdiklərini, baş vermiş pozuntularla bağlı müvafiq dairə seçki komissiyası sədrinə dəfələrlə müraciət olunsa da, onun tərəfindən heç bir tədbir görülmədiyini, həmçinin C.Osmanov tərəfindən sosial şəbəkələrdə və Ağdaş rayonunun Xınaxlı kəndində vaxtından əvvəl seçkiqabağı təşviqat aparıldığını iddia edib, bununla bağlı qanunla müəyyən olunmuş tədbirlərin görülməsini xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən bir icraatda birləşdirilərək bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş səlahiyyətli nümayəndə T.Dadaşovla əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada, habelə iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, iclasda iştirak etməyə dəvət olunmuş və onun iclasda iştirakı təmin edilmişdir. T.Dadaşov müraciətində iddia olunan qanun pozuntularını özündə ehtiva edən hər hansı dəlil, sənəd və ya materiala malik olmadığını bildirmişdir.

T.Dadaşovun müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə İ.F.Ağa-zadənin deputatlığa namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş və həmin dairə seçki komissiyasının 6 may 2016-cı il tarixli, 7/19 saylı qərarı ilə onun namizədliyin irəli sürülməsi təsdiq edilmişdir. Bundan sonra səlahiyyətli nümayəndə Ə.Ağazadəyə namizədin müdafiəsi üçün imza toplamaq məqsədi ilə zəruri olan sayda imza vərəqi verilmiş, 2016-cı il mayın 14-də imza vərəqələri və ona əlavə edilmiş digər sənədlər həmin dairə seçki komissiyasına namizədin qeydə alınması üçün təqdim edilmişdir.

Araşdırma ilə bağlı 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri tərəfindən təqdim olunmuş izahatda bildirmişdir ki, deputatlığa digər namizədlər kimi, seçkilərdə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İ.F.Ağa-zadəyə də passiv seçki hüququndan istifadə etmək üçün bərabər imkan və şərait yaradılmış, onun deputatlığa namizədliyi təsdiq edilmiş və imza toplamaq üçün zəruri olan sayda imza vərəqələri verilmişdir. Hazırda qaytarılmış imza vərəqələri və digər seçki sənədləri dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmaqdadır.

Bundan başqa, adıçəkilən seçki dairəsi dairə seçki komissiyası sədrinin izahatında onun nə özü tərəfindən, nə də dairə seçki komissiyasının üzvləri və katibliyin əməkdaşları tərəfindən seçicilərə hər hansı formada təzyiq göstərilmədiyi də qeyd edilmişdir.

Araşdırma zamanı şikayətdə adıçəkilən qeydə alınmış namizəd C.Osmanov da təqdim etdiyi izahatında deputatlığa namizəd İ.F.Ağa-zadəyə heç bir qərəzli münasibət bəsləmədiyini, onun xeyrinə imza vermiş şəxslərə öz imzalarından imtina etməklə bağlı hər hansı təzyiq göstərmədiyini və onun xeyrinə imza vermiş şəxsləri tanımadığını bildirmişdir.

Şikayətdə iddia olunan pozuntular araşdırma zamanı öz təsdiqini tapmadığından həmin müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.

Bundan başqa, Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi T.M.Əliyevin və həmin partiyanın sədr müavini E.A.Abbasovun müraciətləri nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, 6, 7 və 8 may 2016-ci il tarixlərində seçici imzalarının toplanması zamanı qanun pozuntularına yol verilməsinin iddia edilməsi hissəsində müraciətlər seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvləri müraciətlərin ərizəçilərə geri qaytarılması barədə rəy vermişlər. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət verilə bilər.

Araşdırma zamanı 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyası sədrinin təqdim etdiyi yazılı izahatdan görünür ki, Mərkəzi Seçki Komissiyasına müraciət etmiş Azərbaycan Ümid Partiyasının təmsilçiləri tərəfindən həmin komissiyaya imzatoplama kampaniyasında baş verməsi iddia olunan qanun pozuntuları ilə bağlı heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. Bu səbəbdən də müraciətlər həmin hissədə əsassız hesab edilərək təmin olunmamalıdır.

Bundan əlavə, müraciətin C.Osmanov tərəfindən sosial şəbəkələrdə və Ağdaş rayonunun Xınaxlı kəndində vaxtından əvvəl seçkiqabağı təşviqat aparılması iddiası ilə bağlı araşdırılması müvafiq dairə seçki komissiyasının səlahiyyətlərinə aid olduğundan müraciət həmin hissədə dairə seçki komissiyasına göndərilməlidir.

Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 8.6-cı maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Dadaşov Təbriz Söhrab oğlunun 17 may 2016-cı tarixli 03 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Əliyev Taleh Məhəmməd oğlu və həmin partiyanın sədr müavini Abbasov Elman Abdulla oğlunun imza toplayan şəxs qismində 18 may 2016-cı il tarixli 04 və 05 saylı müraciətləri qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən həmin hissə üzrə ərizəçilərə geri göndərilsin, dairə seçki komissiyası sədrinin hərəkətsizliyi hissəsində isə əsassız olduğundan təmin edilməsin.

3. Qeydə alınmış namizəd C.Osmanov tərəfindən seçkiqabağı təşviqatla bağlı qanunvericiliyin tələblərinin pozulması iddia olunan hissəsində müraciət araşdırılması üçün aidiyyəti üzrə 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasına göndərilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin