Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 may 2016-cı il tarixli 06 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Bəybala Əşrəf oğlu 18 may 2016-cı il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsinin ərazisində 7 may 2016-cı il tarixdə namizədin müdafiəsi üçün seçici imzaları toplayarkən ayrı-ayrı dövlət strukturlarının səlahiyyətli nümayəndələrinin onlara Ağdaş rayonundan çıxmalarını təklif etdiklərini, əks təqdirdə zorakılıq göstərəcəkləri ilə hədələdiklərini, Ağdaşdan “Cavid Osmanovdan başqa kimsə imza yığa bilməz" – deyərək onlara təzyiqlər göstərildiyini, vətəndaşlara isə onlara imza verməmələri üçün hədə-qorxu gəldiklərini, ağdaşlıların ancaq C.Osmanova səs verəcəyi haqqında qərar qəbul etdiklərini bildirdiklərini, 10 may 2016-cı ildə isə Ağdaş rayonu Vaqif küçəsində 5 minik maşını ilə bir qrup şəxsin küçəni tərk etmələrini tələb etdiklərini, imza toplamağa davam edərkən onlara zor tətbiq edildiyini, imza toplayan Vüqar İbrahimovun əlindəki imza vərəqini zor tətbiq edərək aldıqlarını və 90 VK 745 dövlət nömrə nişanlı qara rəngli BMV markalı avtomaşına minərək ərazidən uzaqlaşdıqlarını, digər şəxslərin isə onlara hücum çəkdiklərini və baş verənlərlə bağlı Ağdaş Rayon Polis İdarəsinə yazılı izahat, dairə seçki komissiyasının sədrinə isə onun kabinetində məlumat verdiklərini, lakin dairə seçki komissiyasının heç bir tədbir görmədiyini iddia etmiş və həmin seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə təkrar seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən C.Osmanovun namizədliyinin ləğv edilməsi və baş vermiş hadisələrin ətraflı araşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş B.Əliyevlə əlaqə saxlanılmış, ona əlavə sənəd və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir.

Müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, 7 və 10 may 2016-cı il tarixlərində seçici imzalarının toplanması zamanı qanun pozuntularına yol verilməsinin iddia edilməsi hissəsində müraciət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət verilə bilər.

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının baş verməsi iddia edilən qanun pozuntuları ilə əlaqədar edilmiş müraciətə baxılmamasında ifadə olunan hərəkətsizliyi ilə bağlı iddia araşdırılarkən həmin iddianın əsassız olduğu müəyyən edildi. Belə ki, dairə seçki komissiyasının sədri N.Nəsibovun məktubundan və dairə seçki komissiyası katibliyinin baş məsləhətçisi G.Ə.Hacıyevin izahatından məlum olur ki, B.Əliyevdən seçici imzaları toplayarkən ona təsir və təzyiq göstərilməsi, imza toplamasına mane olunması, bir ədəd imza vərəqinin 90 VK 745 dövlət nömrə nişanlı BMV markalı avtomaşında olan şəxslər tərəfindən qaçırılması barədə dairə seçki komissiyasına yazılı və ya şifahi müraciət daxil olmamışdır.

Beləliklə, B.Əliyevin seçici imzalarının toplanması zamanı baş vermiş qanun pozuntuları ilə əlaqədar 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasına etdiyi müraciətə həmin seçki komissiyası tərəfindən baxılmaması ilə bağlı iddiası əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 6-cı, 7-ci hissələrinə və 4.1.2-ci yarımbəndinə əsasən qərara alır:

1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə təkrar seçkilərdə deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Bəybala Əşrəf oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 may 2016-cı il tarixli 06 saylı müraciətinin 7 və 10 may 2016-cı il tarixlərində seçici imzalarının toplanması zamanı qanun pozuntularına yol verilməsinin iddia edilməsi hissəsində müraciət qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin və dairə seçki komissiyasına edilmiş müraciətə həmin seçki komissiyası tərəfindən baxılmaması ilə bağlı iddia əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin