İQTİSADİYYAT


2016-cı ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu 65 mindən çox turist ziyarət edib

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu son illərdə ziyarət edənlərin sayı xeyli çoxalıb. Bunun da bir sıra mühüm səbəbləri var. Belə ki, qoruğun ərazisində yeni muzey istifadəyə verilib, yerli və xarici turistlərin bu tarixi məkana üz tutmaları üçün lazımi işlər görülüb. Məhz bütün bunların bariz göstəricisi olaraq paytaxt Bakıdan 56 kilometr aralıda yerləşən qoruğu 2016-cı ildə ziyarət edənlər 65 min 816 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 56 faiz çoxdur.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğundan AZƏRTAC-a bildirilib ki, ziyarətçilərin sırasında xarici vətəndaşlar üstünlük təşkil edib. Sözügedən tarixi məkana üz tutan xarici ölkə vətəndaşları sırasında Rusiya Federasiyasını təmsil edənlər çoxluq təşkil edib. Xarici turistlərdən 8155-i Rusiya, 6811-i ərəb ölkələri, 1582-si Çin, 1464-ü Almaniya, 1320-si İran, 1215-i Yaponiya, 1040-ı ABŞ, 974-ü Türkiyə, 864-ü İtaliya, 852-si İngiltərə, 620-si isə Fransa vətəndaşları olub. Bununla yanaşı, 2016-cı il ərzində qoruğa 2626 ekskursiya təşkil edilib. Onlardan 407-si Azərbaycan, 763-ü ingilis, 1456-sı isə rus dilində aparılıb.

Eyni zamanda, digər 8733 xarici turist isə müxtəlif ölkələri təmsil edib. Bütün bunlar Azərbaycanın, onun tarixi keçmişinin və müasir inkişafının öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.