CƏMİYYƏT
2017-2025-ci illər üçün Milli Reproduktiv Sağlamlıq Strategiyasının ilkin layihəsi müzakirə edilib VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də 2017-2025-ci illər üzrə Azərbaycan Respublikası əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş işçi qrupun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, işçi qrupunun rəhbəri Cəmilə Qurbanova müzakirə olunan layihə haqqında məlumat verib. Sağlam ailənin sağlam anadan başlandığını deyən C.Qurbanova Milli Strategiyada ilk öncə, qadın sağlamlığına diqqət yetirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, reproduktiv sağlamlıq hər bir insan, eyni zamanda, ailə üçün fundamental əhəmiyyət kəsb edir və cəmiyyətin sosial-iqtisadi inkişafının səviyyəsini səciyyələndirir. Əhalinin, o cümlədən ana və uşaq sağlamlığının qorunması Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun və bu qanundan irəli gələn normativ-hüquqi aktlarla tənzimlənir.
Bu gün ana və uşaq sağlamlığının qorunması sahəsində çalışan bütün tibb işçilərinin qarşısında qoyulmuş qlobal məsələlər ana ölümü hallarının azalması, yeni doğulmuş uşaqların sağlamlığının yaxşılaşdırılması, onların xəstələnmə və ölüm səviyyəsinin azaldılması, yeniyetmələrin və gənclərin sağlamlığının qorunmasıdır. Milli Strategiyanın ümumi prinsiplərinə diqqət yetirən C.Qurbanova bildirib ki, sənəd əhalinin reproduktiv sağlamlığının qorunması, o cümlədən fövqəladə vəziyyətlərdə sektorlararası əməkdaşlığın və səylərin koordinasiyasının təmin olunması, gender bərabərliyinə riayət edilməsi kimi bir sıra məsələləri əhatə edəcək.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Milli Strategiyanın konseptual olaraq qəbul olunduğunu, lakin həyata keçirilməsi istiqamətində lazımi kömək barədə danışıb. Bildirilib ki, səhiyyədə aparılan genişmiqyaslı islahatlara baxmayaraq, bu gün də ölkəmizdə ana ölümü halları, süd vəzisi xərçəngi və bu kimi bir sıra digər qadın problemləri mövcuddur. O, qanunvericilikdə surroqat ana məsələsinin də əks olunmasının vacibliyini bildirərək, işçi qrupun bu və bu kimi bir sıra digər məqamların müzakirəsinin əhəmiyyətini qeyd edib. M.İbrahimqızı arzuolunmaz hamiləliyin qarşısının alınması üçün əsasən bölgələr və məcburi köçkün ailələrində təbliğat işlərinin aparılmasına diqqət yetirib.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin, o cümlədən reproduktiv sağlamlığın qorunması ölkə siyasətinin prioritet istiqamətlərindən biridir deyən Səhiyyə Nazirliyinin baş ginekoloqu Sevinc Məmmədova, Azərbaycanda ana və uşaq sağlamlığının qorunması istiqamətində mühüm addımların atıldığını bildirib. S.Məmmədova qeyd edib ki, son illər ölkədə ana ölümlərinin sayı azalıb. Orta tibb personalının sertifikasiyasının həyata keçirilməsi onların bilik və bacarıqlarının artırılmasına, göstərdikləri antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin yüksəldilməsinə imkan yaradılıb. 2008-2015-ci illəri əhatə edən ilk Milli Strategiyanın haqqında danışan S.Məmmədova ikinci Strategiyanın müzakirəsi və həyata keçirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib.
Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev ana və uşaq sağlamlığının mühafizəsi məsələlərinin dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. İnsan sağlamlığının başlanğıcı ana südüdür deyən N.Quliyev bildirib ki, reproduktiv sağlamlığın təməli dünyaya gələn uşaqların vaxtında, doğum evində ana südü ilə təmin edilməsidir. Ana südü ilə qidalanmanın 100 faizə çatdırılması və ölkədə oğlan-qız nisbətinin azaldılması üçün dövlət səviyyəsində tədbirlər görülməlidir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.