DÜNYA
2017-ci ildə Dubayda günəş enerjisi ilə işləyən otel açılacaq
Bakı, 6 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində 2017-ci ilin birinci yarısında özünün elektrik tələbatını tamamilə günəş enerjisi hesabına ödəyəcək otel açılması gözlənilir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, 170 nömrəsi olan bu otel Dubayın maksimum dərəcədə ekoloji təmiz qurulacaq yeni yaşayış rayonlarının birində tikiləcək. Layihə müəlliflərinin sözlərinə görə, oteldə, həmçinin bütün kanalizasiya sularının və tullantıların utilizasiya edilməsi də nəzərdə tutulub.
Layihədə istifadə olunacaq günəş batareyalarının ümumi gücü 10 MVt təşkil edəcək. Bütün günəş panelləri şəhərin elektrik şəbəkəsinə qoşulacaq və nəticədə bu rayonda elektrik enerjisinin qiyməti orta göstəricidən 25-30 faiz ucuz olacaq.
Dubayın enerji strategiyasına əsasən, 2030-cu ilədək elektrik tələbatının 5 faizi günəş enerjisi də daxil olmaqla, bərpa edilən enerjinin payına düşməlidir.