SİYASƏT


2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması dünyaya bir mesajdır

Bakı, 27 aprel, AZƏRTAC 

Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən konfransda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva ölkəmizdə dinə dövlət qayğısından və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi dini maarifləndirmə tədbirlərinin önəmindən danışıb.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, regionlarda keçirilən bu konfransların məqsədi Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi, bu meyillərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, bu sahədəki kompleks tədbirlərin effektinin daha da artırılmasıdır. Sədr müavini dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, ənənəvi İslam anlayışının mahiyyətindən danışıb.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının önəmindən danışan Gündüz İsmayılov bu təşəbbüsün İslam dünyasına, ümumiyyətlə, bütün dünyaya mesaj xarakteri daşıdığını bildirib. O, dünyada artıq uzun illərdir ki, məqsədyönlü şəkildə islamofobiyanın hökm sürdüyünü qeyd edib. Bildirib ki, İslam ölkələrinin əleyhinə kampaniya aparılır, belə amillərə qarşı mübarizə aparmaq və bunun üçün də həmrəylik nümayiş etdirmək lazımdır.

Prezident yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla bildirib ki, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği, həmçinin dini radikallığın, onu törədən səbəblərin aradan qaldırılması sahəsində ölkəmizdə aparılan genişmiqyaslı işlər, həyata keçirilən tədbirlər də öz müsbət nəticəsini verir.

Sonda kollecin müəllim-tələbə heyətinin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, təklif və mülahizələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.