İQTİSADİYYAT


2017-ci ilin birinci rübü ərzində elektron ticarətin ümumi həcmi 1,7 dəfə artıb

Bakı, 9 iyun, Elvira Məmmədova, AZƏRTAC

Texnoloji irəliləyişlər və imkanlar ölkədə elektron xidmətlərin, o cümlədən elektron ticarətin genişlənməsinə şərait yaradır. Ümumilikdə ölkə iqtisadiyyatında “rəqəmli transformasiya”, rəqəmli iqtisadiyyatın qurulması istiqamətində işlər aparılmaqdadır. Onlayn ödəniş sistemlərinin fəaliyyəti elektron xidmətlərin genişlənməsinə, onların ödənişə qədər tamamlanmasına imkan verir.

AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev Bakıda keçirilən III Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda məlumat verib.

2017-ci ilin birinci rübü ərzində elektron ticarətin ümumi həcmi 1,7 dəfə artıb. İldən-ilə ölkədə e-ticarət saytlarının sayı artır. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən də e-ticarət üzrə layihələrə qrantlar verilir.

Hazırda ölkəmizdə e-ticarətin daha da inkişaf etdirilməsi, ixrac potensialının yüksəldilməsi istiqamətində də işlər görülür. İqtisadi İslahatlar Mərkəzi tərəfindən “www.azexport.az” internet portalının yaradılması da buna xidmət edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu proseslərdə yaxından iştirak edir, xüsusən də transsərhəd elektron xidmətlərin həyata keçirilməsini təmin etmək məqsədilə qeyri rezidentlərin elektron imzadan istifadəsinin təmin edilməsi üzrə əməkdaşlıq edir.

“Biz rəqəmli iqtisadiyyat istiqamətdə Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik. Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının “İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma” platforması çərçivəsində “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsündə iştirak edirik. HDM paneli çərçivəsində Telecom Rules, Trust & Security, eSkills, ICT Innovation, eTrade istiqamətləri üzrə EU4Digital şəbəkələri yaradılıb. Azərbaycan EU4Digital şəbəkəsinin “ICT innovation”, həmçinin eTrade-in e-gömrük istiqaməti üzrə əlaqələndirici ölkə seçilib”, - deyə İsbəndiyar Əliyev bildirib.

2017-ci ilin payızında “Bakutel-2017” beynəlxalq sərgi və konfransı çərçivəsində Avropa Komissiyası ilə birgə “ICT Innovation" istiqaməti üzrə tədbirin keçirilməsi nəzərdə tutulur.

Həmçinin nazirliyin strukturuna daxil olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Avropa İttifaqı ilə birgə “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsini həyata keçirilir. Layihənin məqsədi e-xidmətlər (E-Ticarət və E-Hökumət) sisteminin daha da inkişaf etdirilməsində Azərbaycan hökumətinə dəstəyin göstərilməsidir. Layihə çərçivəsində: e-Ticarət, e-Hökumət, Açıq Hökumət Məlumatları ilə bağlı texniki spesifikasiyaların hazırlanması və elektron imza və elektron ödənişlərin təkmilləşdirilməsi, bu istiqamətlərə üzrə hüquqi-tənzimləyici çərçivənin müəyyən edilməsi, Azərbaycan Respublikası üçün Etimad Nişanı Sisteminin modelinin yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.