DÜNYA
2018-ci ildə qlobal planşet bazarında artım tempi bərpa olunacaq
Bakı, 3 dekabr, AZƏRTAC
2016-cı ildə qlobal planşet tədarükünün həcmi 12 faiz azalaraq 182,3 milyon təşkil edəcək. Yalnız 2018-ci ildə çıxarılıb taxılan klaviaturaya malik hibrid modellər sayəsində müsbət dinamikaya qayıdış gözlənilir.
AZƏRTAC xəbər verir ki, “IDC” şirkətinin analitikləri bu qənaətdədirlər.
Şirkətin baş analitiki Citeş Urbani bildirib ki, baha qiymətə satılan hibrid qurğularının artan populyarlığı istehsalçılar üçün sərfəlidir. Planşet sahəsindəki vəziyyəti coğrafi baxımdan təhlil edən mütəxəssislər qeyd ediblər ki, inkişaf etmiş bazarlarda (ABŞ, Kanada, Qərbi Avropa, Yaponiya) artım tempinə keçid daha sürətli baş verəcək. 2016 və 2017-ci illərdə bu regionlarda planşetlərin tədarük həcmi 97 milyon səviyyəsində gözlənilir, 2018-ci ildə bu göstərici 101 milyonadək artacaq. 2020-ci ilə inkişaf etmiş bazarlara planşetlərin tədarük həcmi 111 milyona yaxınlaşacaq.
2016-cı ildə inkişaf etməkdə olan bazarlara (Asiya-Sakit okean regionu (Yaponiya istisna olmaqla), Latın Amerikası, Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) 85 milyon planşet tədarük ediləcək. 2017-ci ildə bu göstərici 77 milyona, 2018-ci ildə isə 75 milyonadək azalacaq.
“IDC”nin qiymətləndirməsinə görə, 2020-ci ildə inkişaf etməkdə olan regionlara planşetlərin tədarükü 74 milyon olacaq.