İQTİSADİYYAT
2018-ci ilədək mobil telefon istifadəçilərinin 70 faizi bütün işlərini smart tipli qurğularda yerinə yetirəcək
Bakı, 18 yanvar, AZƏRTAC
Son zamanlar fərdi istifadədə olan mobil qurğular və ya kompüter avadanlıqları vasitəsilə insanların çalışdığı xidməti informasiya sisteminə qoşulma, xidməti məlumatların orada saxlanılması, şəxsi istifadədə olan elektron poçt vasitəsilə xidməti məlumatların ötürülməsi və s. bu kimi hallar insanların vaxtına qənaət etməklə yanaşı, onların xidməti fəaliyyətində aktivliyini də artırır. Eyni zamanda haradan, necə və nə zaman istəsə istifadəçi zəruri xidməti məlumata çıxış imkanı əldə edir. Bu səbəbdən də özəl və dövlət sektorunda çalışan işçilərin şəxsi istifadəsində olan qurğuların (smartfon, laptop, tablat və s.) xidməti fəaliyyətində istifadə olunması hallarına tez-tez rast gəlinir.
Beynəlxalq təcrübədə bu tendensiya ilk dəfə 2009-cu ildən başlayaraq biznes təşkilatlarında BYOD (Bring Your Own Device) terminologiyası kimi meydana gəlib. BYOD həllərinin tətbiqi biznes təşkilatlarında kompüter avadanlıqlarına çəkilən xərclərə qənaət etmək, işçilərin rahatlığını təmin etmək, xidmətdə keyfiyyətin və çevikliyin artırılması və s. bu kimi bir çox vacib məsələlərin stimullaşdırılmasına xidmət edir. BYOD informasiya texnologiyaları dünyasında son 5 ilin trendi hesab olunur. Tanınmış “Gartner” şirkətinin 2014-cü il üzrə araşdırmalarına görə 2018-ci ilədək mobil telefon istifadəçilərinin 70 faizi bütün işlərini şəxsi istifadədə olan smart tipli qurğularda yerinə yetirəcək. Bu hesabat göstərir ki, BYOD tendensiyası yaxın gələcəkdə daha da sürətlə yayılmaqda dava edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən təsis edilən“ İnformasiya təhlükəsizliyi” elmi-metodiki jurnalının 2016-cı il ikinci nömrəsində “BYOD” trendinin təhlükəsizlik məsələləri” sərlövhəli məqalədə yer alıb.
BYOD tendensiyasının qeyd olunan faydaları ilə yanaşı təhlükəli tərəfləri də mövcuddur.
Məqalədə, həmçinin qeyd olunur ki, ölkəmizdə də özəl və dövlət orqanlarında BYOD tendensiyası öz aktuallığını göstərir. Ümumiyyətlə, informasiya cəmiyyətində yeni trendlərin izlənməsi və potensial risklərin vaxtında müəyyən olunması təhlükəsizliyin qorunmasına xidmət edir. BYOD tendensiyası da yeni trend olmaqla yanaşı, potensial risk faktorlarına malikdir. Bu səbəbdən də BYOD tendensiyasının elmi-tədqiqat obyekti kimi təqdim olunması, dövlət orqanlarında müvafiq təhlükəsizlik siyasətinin tətbiqi və ümumiyyətlə fərdi şəkildə bu trendin yarada biləcək risklərinin diqqətə alınması təklif olunur.