Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 25 dekabr 2019-cu il tarixli 21 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin Ağdaş bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər İsmayılov Asəf Pənah oğlu, Mirzəyev Abuzər Miri oğlu, Cavadov Təyyar Cavad oğlu, İsmayılov Rafiq Manaf oğlu, Məmmədov Nadir Murad oğlu, Hüseynov Dilavər Mədət oğlu və Vəliyev Ələddin İmaməli oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) teleqramla müraciət edərək 9 və 11 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini, 8 və 10 saylı seçki məntəqələrində isə məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokollarında saxtakarlığa yol verildiyini iddia edərək müvafiq tədbir görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, müraciətin 9 və 11 saylı seçki məntəqələrinə münasibətdə aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilməsinə dair rəy verilmiş, 8 və 10 saylı seçki məntəqələrinə aid hissədə isə araşdırılma müddətinin uzadılması barədə vəsatət qaldırılmış və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələbinə görə səsvermə günü seçki məntəqələrində iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkət (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə görə müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Seçki Məcəlləsinin 112-1.10-cu maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq müraciətin əlavə araşdırılması üçün zərurət olduqda ekspert qrupunun üzvü araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırmalıdır.

Göstərilənlərə əsasən müəyyən edilir ki, müraciətin 9 və 11 saylı seçki məntəqələrinə aid hissədə aidiyyəti üzrə araşdırılması üçün dairə seçki komissiyasına göndərilməsi, 8 və 10 saylı seçki məntəqələrinə aid hissədə isə araşdırılma müddətinin uzadılması üçün hüquqi əsaslar vardır.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1.10-cu maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7, 8-ci və 9.6-cı bəndinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2019-cu il tarixli 21 saylı müraciət 9 və 11 saylı seçki məntəqələrinə aid hissədə aidiyyəti üzrə araşdırılması üçün 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin, 8 və 10 saylı seçki məntəqələri üzrə müraciətin araşdırılması müddəti 3 gün uzadılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin