Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2020-ci il tarixli 79 saylı, 12 fevral 2020-ci il tarixli 88 və 89 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Tağızadə Rəfail Alı oğlu 2020-ci il fevralın 11-də, 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Ağa-zadə İqbal Fehruz oğlu və Ümid Partiyasının digər səlahiyyətli nümayən-dəsi Əliyev Taleh Məhəmməd oğlu 2020-ci il fevralın 12-də Mərkəzi Seçki Komissyasına müraciət edərək seçki günü göstərilən seçki dairəsinin seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş və müvafiq tədbirlər görülməsini tələb etmişlər.

Seçki günü seçki qanunvericiliyinin ehtimal olunan pozuntularına dair daxil olmuş həmin müraciətlər eyni məzmunlu olduğundan və eyni seçki dairəsinin seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş səlahiyyətli nümayəndələr və deputatlığa qeydə alınmış namizəd şikayətlərini onunla əsaslandırmışlar ki, səsvermə prosesində dairə seçki komissiyasının əhatə etdiyi seçki məntəqələrinin əksəriyyətində seçici fəallığının yüksək olmaması müşahidə edilmiş, səslərin hesablanması və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində ciddi qanun pozuntularına yol verilərək səsvermədə iştirak etmiş seçicilərin sayı artırılmışdır. Belə ki, əksər seçki məntəqələrində faktiki olaraq səs¬vermədə iştirak etmiş seçicilərin səsvermə bülletenləri üzrə səslərinin sayılması zamanı elan edilmiş rəqəmlərlə məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair tərtib edilmiş rəsmi protokollardakı rəqəmlər arasında uyğunsuzluqlar mövcuddur. Qeyd edilən məntəqələrdə səsvermənin nəticələrinə dair tərtib edilmiş protokolların surəti tələb edilsə də onlara verilməmiş, istifadə olunmuş bülletenlər düzgün sayılmamış, bununla da seçki dairəsinin elan etdiyi ilkin nəticələr seçicilərin iradəsini birmənalı olaraq ifadə etməmişdir. Göstərilən¬lərə əsasən səslərin yenidən sayılmasını və qanun pozuntularına müvafiq hüquqi qiymət verilərək pozulmuş hüquqların bərpa edilməsini xahiş etmişlər.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə mümkün olan müxtəlif məlumat mənbələrindən, o cümlədən səsvermə günü seçkilərlə əlaqədar sosial şəbəkələrdə paylaşılmış məlumatlardan, 35 saylı Xətai üçüncü seçki dairəsinin 10 seçki məntəqəsində Mərkəzi Seçki Komissiyası tərəfindən quraşdırılmış və seçki günü fasiləsiz fəaliyyət göstərmiş veb-kameraların görüntülərindən, həmçinin digər materiallardan istifadə edilmişdir.

Araşdırma ilə əlaqədar seçki dairəsinə daxil olan məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair təqdim edilmiş rəsmi protokollarına da baxış keçirilmişdir. Baxış zamanı müqayisəli araşdırma nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkarlanmışdır. Belə ki, təqdim olunmuş elektron məlumat daşıyıcılarında olan materiallarla müqayisəli tədqiq əsnasında, həmin protokollara əsasən səsvermədə iştirak etmiş seçicilərlə bağlı statistik göstəricilər və namizədlər arasında səslərin bölünməsinə dair məlumatlarda uyğunsuzluqlar müəyyən edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 saylı seçki məntəqələrində səsvermənin keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı yol verilmiş qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən səslərin yenidən sayılması istisna edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdi¬ril-məsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edir. Belə ki, səsvermənin nəticələri etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı 30, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı 39882, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 33, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə 42516-dır.

Milli Məclisə seçkilərdə səsvermə ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş materialların, 35 saylı Xətai üçüncü seçki dairəsinin əhatə etdiyi 10 seçki məntəqəsində Mərkəzi Seçki Komissiyası tərəfindən quraşdırılmış və seçki günü fasiləsiz fəaliyyət göstərmiş veb-kameraların görüntülərinin və digər materialların araşdırılmasının nəticələrinə əsasən müraciətin qismən təmin edilməsi, seçki dairəsinin 1-30 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmışdır. Belə ki, 35 saylı Xətai üçüncü seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli və həmin seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər etibarsız sayılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1- ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 79, 88 və 89 saylı müraciətlər qismən təmin edilsin, 35 saylı Xətai üçüncü seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin və həmin seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər etibarsız sayılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin