Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 fevral 2020-ci il tarixli 50 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İzzətli Ruslan Teymur oğlu 2020-ci il fevralın 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, həmin seçki dairəsinin 22 saylı seçki məntəqəsinin ərazisində yerləşən təşviqat lövhəsində olan təşviqat materialının qəsdən korlanmasını iddia etmiş, bununla bağlı dairə seçki komissiyasının qəbul etdiyi 23 yanvar 2020-ci il tarixli 16/56 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələri və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

R.T.İzzətli müraciətində 2020-ci il yanvarın 17-si saat 00:15 radələrində 33 saylı Xətai birinci seçki dairəsinin 22 saylı məntəqəsinin qarşısındakı lövhənin yuxarı sağ küncündə ona məxsus posterin yapışdırıldığını, lakin həmin gün saat 17:00 radələrində lövhənin yuxarı sağ küncündə digər namizədin təşviqat materialının olmasını, ona məxsus posterin isə cırılaraq ziyan dəymiş halda lövhənin digər yerində təkrar yapışdırıldığını bildirmişdir.

Araşdırma zamanı namizəd R.T.İzzətli ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, qeydə alınmış namizəd R.T.İzzətlinin eyni məzmunlu müraciəti dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılmış, iddia olunan pozuntular təsdiqini tapmamışdır. Qəbul edilmiş qərarla dairə üzrə qeydə alınmış bütün namizədlərə Seçki Məcəlləsinin tələblərinə əməl edilməsi tövsiyə edilmiş və seçkiqabağı təşviqat materiallarının qəsdən korlanmasının qarşısının alınması məqsədi ilə müvafiq polis bölməsinə müraciət edilmişdir.

Dairə seçki komissiyası müraciətin araşdırılması ilə əlaqədar düzgün hüquqi nəticəyə gələrək polis bölməsinə müraciət etmişdir.

Göstərilənlərlə müəyyən edilir ki, namizəd R.T.İzzətlinin şikayəti əsassız olduğundan təmin edilməməli, gəlinmiş hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olduğundan dairə seçki komissiyasının 23 yanvar 2020-ci il tarixli 16/56 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İzzətli Ruslan Teymur oğlunun 3 fevral 2020-ci il tarixli 50 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 23 yanvar 2020-ci il tarixli 16/56 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin