DÜNYA
2022-ci ilədək Yer kürəsi əhalisinin 50 faizi “4G LTE” şəbəkəsindən istifadə edəcək
Bakı, 15 mart, AZƏRTAC
“5G” rabitə standartına keçid ani deyil, tədricən baş verəcək və yaxın illərdə əvvəlki “4G LTE” standartı geniş istifadə edilməyə davam edəcək, həm də bəzi hallarda, operatorlar tərəfindən tətbiq edilmiş texnoloji innovasiyalar hesabına məlumatların ötürülməsi sürəti “5G” standartına yaxınlaşacaq. Bu haqda “ABI Research” analitik şirkətinin yeni araşdırmasında qeyd olunub.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, ekspertlərin məlumatına görə, 2022-ci ildə dünyada “4G LTE” abunəçilərinin sayı 4 milyardı ötəcək. Xatırladaq ki, 2017-ci ilin əvvəlində bu göstərici 2 milyarda bərabər idi. Beləliklə, 5 il sonra planet əhalisinin 50 faizi “LTE” şəbəkəsindən istifadə edəcək.
Həmçinin gözləntilərə görə, 2017-2022-ci illərdə “LTE” şəbəkəsi dünyada lider mobil rabitə standartı olaraq qalacaq. İndi mobil trafikin ümumi həcminin 67 faizi “4G” standartının payına düşdüyü halda, 2022-ci ildə bu göstərici 82 faizə yaxınlaşacaq. Bu halda “5G” rabitə standartının köməyi ilə mobil şəbəkələrdə məlumatların ümumi həcminin yalnız 13 faizi ötürüləcək.