İDMAN
2024-cü il Olimpiya oyunlarını qəbul etmək hüququna ABŞ-ın dörd şəhəri iddia edir
Bakı, 18 dekabr, AZƏRTAC
ABŞ Olimpiya Komitəsi 2024-cü il yay Olimpiya oyunlarının keçirilməsinə şəhərlərindən birinin namizədliyini irəli sürmək niyyətini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Boston, Los-Anceles, San-Fransisko və Vaşinqton şəhərləri Olimpiya oyunlarını qəbul etmək hüququnu əldə etmək üçün öz namizədliklərini irəli sürüblər. Olimpiya Komitəsi iddiaçı şəhərə son qərarı gələn ilin əvvəlində qəbul edəcək.
İtaliya da 2024-cü il Yay Olimpiya oyunlarının Roma şəhərində keçirilməsi üçün sifariş verəcək. Gözlənildiyinə görə, Əbədi şəhər layihənin mərkəzi olacaq. Bura Florensiya, Neapol və Sardiniya da qoşula bilər. Oxatma yarışları isə Vatikanda keçirilə bilər.
Qeyd edək ki, 2024-cü ildə Yay Olimpiya oyunlarının keçirilməsi üçün iddiaçı-şəhərlərin geniş siyahısı 2015-ci il sentyabrın 15-də açıqlanacaq, seçkilər isə 2017-ci ilin yayında keçiriləcək.