Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

20 YANVAR FACİƏSİNİN ON İKİNCİ İLDÖNÜMÜNÜN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI REZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on iki il keçir. 

XX əsrin sonunda planetimizin siyasi leksikonuna “Dağlıq Qarabağ münaqişəsi” kimi daxil olan qondarma problem əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının təzahürü idi. SSRİ hökumətinin dəstəyi və o vaxtkı Azərbaycan rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində xalqımızı böyük fəlakətlərlə üzləşdirən bu problem son nəticədə ölkəmizin ərazisinin 20 faizinin işğalına və bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsinə gətirib çıxardı.

Azərbaycana qarşı aparılan mənəvi, ideoloji və siyasi təcavüz qısa bir müddət ərzində hərbi müstəviyə keçirildi. Xalqımızın Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tərkibindən çıxarmaq məqsədi ilə yürüdülən qərəzli siyasətə kəskin etirazına baxmayaraq respublika rəhbərliyinin mərkəzlə həmfikir olması nəticəsində ümumittifaq səviyyədə bir sıra qeyri-qanuni qərarlar qəbul edildi. 1989-cu ilin yanvarında Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Xüsusi İdarəetmə Komitəsinin yaradılması ilə Dağlıq Qarabağ Moskva nümayəndəsinin qəbul etdiyi qərarlar əsasında idarə olunmağa başladı və əslində Azərbaycanın bütün hakimiyyət orqanlarının tabeliyindən çıxarıldı. Bununla yanaşı, mərkəzin himayəsi altında Azərbaycanın müxtəlif rayonlarına erməni terroristlərinin göndərilməsi siyasəti geniş miqyas aldı. Sovet Ordusunun ağır texnikası, o cümlədən tankların, artilleriya və zenit-raket qurğularının Ermənistana ötürülməsi kimi qanunsuz əməllər baş verməkdə idi. Azərbaycan xalqı bütün bu addımları öz ölkəsinin ərazi bütövlüyünə yolverilməz qəsd kimi qiymətləndirdi.

Mərkəz bütün vasitələrlə, o cümlədən mətbuat səhifələrində Dağlıq Qarabaf ermənilərinin öz müqəddəratını təyin etmək hüququnu birmənalı şəkildə müdafiə edirdi. SSRİ-nin xüsusi xidmət orqanları Azərbaycan rəhbərliyinin köməyi ilə Bakıda və Azərbaycanın digər rayonlarında bir sıra təxribat xarakterli hadisələr törədərək Azərbaycan xalqına qarşı hazırlanan hərbi təcavüz üçün zəmin yaradırdı.

SSRİ rəhbərliyi Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün yeritdiyi məqsədyönlü siyasətə qarşı çıxmağa cəsarət edən Azərbaycan xalqına açıq-aşkar divan tutmaq yolunu seçdi. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan olunmadan Bakını işğal etməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklərlə müşayiət edildi. Yüzlərlə insan amansızcasına qətlə yetirildi və yaralandı. XX əsr tarixində totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 yanvar faciəsi Azərbaycan xalqına qarşı, ümumiyyətlə humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayət idi.

SSRİ-nin başqa regionlarında, o cümlədən Tbilisidə və Baltikyanı ölkələrdə sovet hərb sisteminin törətdiyi qanlı hadisələr müxtəlif səviyyələrdə, o cümlədən SSRİ xalq deputatları qurultayı səviyyəsində müzakirə edilsə də, 20 yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu surətdə təhrif olunur və unutdurulurdu. Hətta Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra qanlı yanvar hadisələrinə rəsmi münasibət uzun müddət dəyişmədi. Yalnız 1994-cü ildə 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildi, Azərbaycan tarixində onun yeri və mahiyyəti müəyyən edildi.

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların əziz xatirəsini dərin hüznlə yad edərək sovet imperiyası tərəfindən Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı Yanvar faciəsinin on ikinci ildönümü münasibətilə qərara alıram:

20 Yanvar faciəsinin on ikinci ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, sədr

Əli Həsənov – Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Vilayət Quliyev – Azərbaycan Respublikasının Xarici İşlər naziri

Səfər Əbiyev – Azərbaycan Respublikasının müdafiə naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının baş prokuroru

Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

Əli Nağiyev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Misir Mərdanov – Azərbaycan Respublikasının təhsil naziri

Polad Bülbüloğlu – Azərbaycan Respublikasının mədəniyyət naziri

Əbülfəz Qarayev – Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri

Nizami Xudiyev – Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri

Zəhra Quliyeva – Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri

Rafiq Əliyev – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Yusif Hümbətov – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Əli Həsənov – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdini

Səttar Mehbalıyev – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasinin sədri

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin