Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

20 YANVAR FACİƏSİNİN ON ÜÇÜNCÜ İLDÖNÜMÜNÜN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on üç il keçir. 

Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaqdır. Öz qanuni konstitusiya hüquqlarının təmin edilməsi tələbləri ilə ayağa qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı faciə onun milli qürurunu və iradəsini sarsıda bilmədi. Qəhrəman Azərbaycan övladları xalqımızın böyük mənəvi gücünü ifadə edərək, şəhidlik zirvəsinə qədər yüksəldilər və milli müstəqillik duyğularını daha da gücləndirdilər. Müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları və bilavasitə icraçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqalarının cəzalandırılmasını tələb etdi. Təəssüf ki, 20 Yanvar faciəsinin baş verməsindən on üç il keçməsinə baxmayaraq, bu cinayətin səbəbkarları hələ də öz cəzalarını almamışlar.

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının bütün şəhər, rayon və kəndlərində 20 Yanvar faciəsinin on üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilsin.

2. Qanlı Yanvar faciəsinin on üçüncü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin İcra

Aparatının rəhbəri, sədr

Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Vilayət Quliyev – Azərbaycan Respublikasının xarici işlər naziri

Səfər Əbiyev – Azərbaycan Respublikasının müdafiə naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

Əli Nağıyev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Əli İnsanov – Azərbaycan Respublikasının səhiyyə naziri

Misir Mərdanov – Azərbaycan Respublikasının təhsil naziri

Polad Bülbüloğlu – Azərbaycan Respublikasının mədəniyyət naziri

Əbülfəz Qarayev – Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri

Nizami Xudiyev – Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri

Aslan Aslanov – Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) baş direktoru

Zəhra Quliyeva – Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri

Rafiq Əliyev - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Yusif Hümbətov – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Əli Həsənov – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri

Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri

Səttar Mehbalıyev – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin