QAN YADDAŞI
20 Yanvar Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolun başlanğıcıdır
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolun başlanğıcıdır. Ona görə də faciə qurbanlarının xatirəsi daim dərin hörmət və ehtiramla yad olunur. Biz qadınlar həmin gün şaxtalı havada 20 Yanvar meydanına toplaşmışdıq. Milli azadlıq hərəkatını boğmaq məqsədilə keçmiş sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu hamını atəşə tutur, vəhşiliklər törədirdi. Buna baxmayaraq, heç kim, o cümlədən gənclər meydanları, küçələri tərk etmirdilər. Gənclərimiz fəxr edirdilər ki, müstəqilliyimizin bərpası yolunda mübarizə aparırlar. Həmin faciə zamanı gənclər, qocalar şəhid oldular. Xəstəxanaya gedəndə orada çoxlu yaralının olduğunu gördüm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı şəhər Yasamal Rayon Veteranlar Təşkilatının sədri, şəhid ailəsinin üzvü Almaz Qasımova söyləyib.
A.Qasımova bildirib ki, o günlərdə öz azadlığı uğrunda mübarizə aparan xalqa qarşı ağır faciə törədildi. Qanlı Yanvar hadisələrindən sonra xalqımızın azadlıq mübarizəsi daha da möhkəmləndi. Xalqımız şəhidlərimizin qanı bahasına azadlığa qovuşdu.
“20 Yanvar hadisələri keçmiş SSRİ rəhbərliyinin, həmçinin o vaxtkı yerli hakimiyyətin xəyanətkarlığı nəticəsində başımıza gətirildi. Xalqını bu ağır günlərdə tək qoymayan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı qırğını pisləyən tarixi bəyanatla çıxış etdi. Dahi rəhbər 20 Yanvar faciəsinə siyasi qiymət verdi, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin humanizmə zidd olduğunu göstərdi”, - deyə A.Qasımova vurğulayıb.
Hər il Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün 20 Yanvar dairəsindəki şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini və Şəhidlər xiyabanını ziyarət etdiyini deyən A.Qasımova deyib: “Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına daim diqqət və qayğı göstərir. Dövlətimizin başçısının bu istiqamətdə gördüyü işlər xalqımız, o cümlədən şəhid ailələri, veteranlar və əlillər tərəfindən yüksək qiymətləndirilir”.