QAN YADDAŞI
20 Yanvar - hüzn və milli qürur günü
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 20 Yanvar - ümumxalq hüzn günü münasibətilə tədbir keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın qəhrəmanlıq tarixində dərin iz buraxmış, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi yeddi il keçir. Azərbaycan xalqı həmin tarixi həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşamışdır.
Komitə sədri qeyd edib ki, 20 yanvar gecəsində hərbçilər küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları qətlə yetirirdilər. Bu qətli törədənlərin məqsədi Azərbaycan xalqını qorxutmaq, onları mübarizə meydanından çəkindirmək idi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri, eyni zamanda, müxtəlif millətlərin nümayəndələri də olub.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Qurban Məmmədov tədbirdə çıxış edərək 20 Yanvar faciəsinin tarixi mahiyyətini qeyd edərək, şəhidlərimizin azadlıq mübarizəsi üçün qorxmadan canlarından keçmələrini diqqətə çatdırıb.