QAN YADDAŞI
20 Yanvar- hüzn və milli qürur günü
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Qanlı Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə “20 Yanvar - hüzn və milli qürur günü” adlı kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki mühüm rolundan söz açıb. Bildirib ki, xalqın başına gətirilən o faciədə, o qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 mülki şəxs qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Direktor vurğulayıb ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə milli azadlıq mübarizəsini daha da gücləndirib. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu. Məhz bu səbəbdən də, Azərbaycan xalqı 20 Yanvarı faciə günü kimi deyil, qürur günü kimi, xalqımızın öz müstəqilliyi uğrunda mücadiləsinin bir başlanğıc nöqtəsi kimi qeyd edir.
Kərim Tahirov qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsini, təcavüzə kəskin etiraz bildirməsini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsini xüsusi vurğulayıb.
Qeyd edilib ki, Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilib. Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan olunub.
Digər çıxış edənlər bildiriblər ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.
Sonra tədbir iştirakçılar 20 Yanvara həsr olunmuş kitab sərgisi ilə tanış olublar.