İQTİSADİYYAT
“20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirilib VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Paytaxtın Moskva prospektində, avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə gedən yola keçid hissədə və dairəyə doğru aparılan yenidənqurma işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.
Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Artıq sözügedən ərazidə məhdudlaşdırma aradan qaldırılaraq avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Ərazidə işlər Bakı şəhərində avtonəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində kompleks tədbirlər çərçivəsində görülüb.
Qeyd olunub ki, paytaxtın şimal girişində, Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə yol “20 Yanvar dairəsi”nə doğru genişləndirilib.
Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Bundan öncə Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilib. Nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılıb.