İQTİSADİYYAT


“20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirilir VİDEO

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Moskva prospektindən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru yol genişləndirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər Bakı şəhərində avtonəqliyyat sıxlığının aradan qaldırılmasına xidmət edir.

Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar dairəsinə” çıxışını təmin etməkdir. Hazırda Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcuddur. Bu gündən başlanan işlərin nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki zolaqlı ediləcək. Nəticədə, tuneldən çıxaraq “20 Yanvar dairəsinə” tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılacaq.

Aparılan yenidənqurma işləri çərçivəsində Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. Sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış “Şamaxinka” deyilən əraziyə daxil olaraq “20 Yanvar dairəsi” istiqamətinə hərəkət edə bilərlər.

Qeyd olunub ki, avtonəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində aparılan işlər çərçivəsində sözügedən hissədə əlavə olaraq 2 hərəkət zolağının yaradılması nəzərdə tutulub.

Ərazidə avtonəqliyyat axınının yüksək olması nəzərə alınaraq genişləndirmə işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.