QAN YADDAŞI
20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir
Kiyev, 20 yanvar, AZƏRTAC
Kiyevdə “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ukrayna Milli İnformasiya Agentliyində (Ukrinform) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” və mətbuat konfransı keçirilib.
Ukraynanın dövlət və hökumət rəsmilərinin, Ali Rada deputatlarının, diaspor və media təmsilçilərinin iştirak etdiyi tədbir “Facebook” və Ukrinform internet televiziya kanalı tərəfindən canlı yayımlanıb.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. 20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandıran səfir o zaman üzləşdiyi məhdudiyyətlərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək başda Mixail Qorbaçov olmaqla, keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, 20 Yanvar faciəsi sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirilib.
Tədbir iştirakçılarının diqqətini son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasətinə yönəldən diplomat 20 Yanvar faciəsinin də erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər etmiş qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb.
Anım mərasimində Ukrayna parlamentinin deputatları Maksim Kuryaçiy, Georqi Loqviniski, Oleq Barna, Ukraynanın Xalq Rəssamı Rəfael Musatov, Ukrayna Mədəniyyət Nazirliyinin rəsmi nümayəndəsi Mixail Podyuk, professor Arif Quliyev, Ukraynanın Xalq Artisti Qurban Abbasov, İşıq Cəmiyyətinin sədri Əbülfəz Qasımov və digər şəxslər çıxış edərək tarix boyu Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda apardıqları mübarizədən bəhs ediblər. Aradan 27 il ötməsinə baxmayaraq, 20 Yanvar faciəsində birbaşa əli olan Mixail Qorbaçov və o zamankı sovet rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmamasını tarixi ədalətsizlik kimi dəyərləndiriblər.
Sonra tədbirə qatılanlar 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmə baxıb, totalitar sovet hakimiyyətinin ölkəmizdə törətdiyi vəhşiliklərlə tanış olublar.
Onu da qeyd edək ki, son üç gündə Ukraynanın aparıcı televiziya kanalları, qəzet və nüfuzlu KİV-ləri 20 Yanvar faciəsi ilə bağlı xüsusi reportajlar yayımlayıblar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev