QAN YADDAŞI
20 Yanvar faciəsi xalqımızın müstəqillik uğrunda mübarizəsində mühüm yer tutur
Bakı, 20 yanvar, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində mühüm yer tutduğunu vurğulayıb. Z.Abdullayev bildirib ki, 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək mətbuat konfransı keçirməsinin və hadisə barəsində həqiqətləri açıqlamasının böyük əhəmiyyəti olub.
Anım mərasimi 20 Yanvar hadisələrinə həsr olunmuş “Qanlı Yanvara aparan yol” sənədli filminin nümayişi ilə davam etdirilib.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edərək respublikamızın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarları üstünə qərənfillər düzüblər.