QAN YADDAŞI
20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub
Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsindən artıq iyirmi yeddi il ötür. Bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunub. Keçmiş Sovet ordusunun hissələri qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olublar.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 19-da Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli mətbuat konfransında deyib.
Bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməyib. Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir.
Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncamlar və fərmanlar verib. Bundan başqa əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub.
D.Rəhimli diqqətə çatdırıb ki, son illər əlil və şəhid ailələrinə yeni mənzillər verilib ki, onların arasında 20 Yanvar əlilləri və şəhidlərinin ailələri də var. 20 Yanvar faciəsində şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü verilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Əlil Təşkilatları İttifaqının rəhbəri bildirib ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.