QAN YADDAŞI


20 Yanvar faciəsi xalqımızın yaddaşına müstəqillik, suverenlik və ərazi bütövlüyünün rəmzi kimi həkk olunub

Bakı, 19 yanvar, Elvira Məmmədova, AZƏRTAC

“Azərenerji” ASC-də 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar “20 Yanvar hadisəsi Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq təşkil edilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib ki, 20 Yanvar faciəsi artıq xalqımızın yaddaşına müstəqillik, suverenlik və ərazi bütövlüyünün rəmzi kimi həkk olunub. Ötən il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün yüksək səviyyədə qeyd edilməsi bir daha göstərdi ki, bu hadisə qanla yazılsa da şanlı tarix salnaməsidir. Bu hadisə ötən əsrin sonlarında yeni dünya nizamının yaranması, xüsusilə də keçmiş sovet respublikalarında gedən ictimai-siyasi proseslər nəticəsində baş verdi. Məhz maraqlı qüvvələr bu faciəni törətməklə xalqımızın istiqlaliyyət arzusunu və istəyini qırmağa çalışırdı. Lakin bu hadisə müdrik xalqımızın mübarizlik əzmini qırmadı, əksinə yeni ruh yüksəkliyi verdi.

E.Pirverdiyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli addımından və bu hadisələrə ədalətli qiymətin verilməsində xüsusi rolundan da danışdı. Xatırlatdı ki, Heydər Əliyev Bakıda baş verən hadisələrin səhəri günü, 1990-cı il yanvarın 21-də güclü repressiya maşınına malik sovet rejiminin hakimiyyətdə olmasına baxmayaraq, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, siyasi bəyanatla çıxış etdi. Yanvarın 20-də Bakıda baş verən hadisələri sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı cinayəti kimi qiymətləndirərək pislədi. Bu, Azərbaycan xalqının adından bütün dünyaya səsləndirilən bir bəyanat idi.

Milli Məclisin deputatı Aydın Mirzəzadə və akademik Arif Həşimov çıxış edərək xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsinin mahiyyətini açıqlayıblar. Bildirilib ki, o dəhşətli gecə xalqımızın yaddaşından heç bir zaman silinməyəcək, faciə zamanı şəhid olanların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Natiqlər Bakıda sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən, tankların içərisində adamlar olan avtomobilləri əzib keçməsindən, təcili yardım maşınlarının, binaların, yoldan keçənlərin gülləbaran olunmasından da söz açıb, gəncləri bu faciəni unutmamağa, daim xatırlamağa səsləyiblər.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.