QAN YADDAŞI
20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan “Qanlı yanvardan istiqlala gedən yol” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Qəhrəmanlığın bədii salnaməsi: şəhidlərimiz şeirimizdə” mövzusunda məruzəsində xalqımızın mübarizə tarixində ən şanlı səhifələrdən olan Qanlı Yanvar faciəsinin insanlığa qarşı törədilmiş qatı cinayət olduğunu deyib. O, 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verərək xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş bu faciənin ağır nəticələrindən danışıb. Bildirilib ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 27 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.
Akademik R.Hüseynov qeyd edib ki, həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib. “20 Yanvar hadisələri müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qürur tarixi, qəhrəmanlıq səhifəsidir”, – deyən akademik diqqətə çatdırıb ki, bu tarix Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunub.
Muzeyin şöbə müdirləri, filologiya elmləri doktoru Şəfəq Əlibəylinin “Azərbaycan qadını Vətənin müstəqillik yollarında”, professor Kamil Allahyarovun “20 Yanvar Azərbaycan tarixinin həm qəhrəmanlıq, həm də faciəvi bir səhifəsidir” mövzularında məruzələri dinlənilib. Bildirilib ki, 20 Yanvar faciəsi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günüdür.
Tədbir çərçivəsində Qanlı Yanvar faciəsinə həsr olunan sərgi nümayiş etdirilib.