QAN YADDAŞI
20 Yanvar faciəsinin 24-cü ildönümü İsmayıllıda silsilə tədbirlərlə qeyd olunmuşdur VİDEO
İsmayıllı, 21 yanvar (AZƏRTAC). 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar İsmayıllı rayonunda yürüş keçirilmişdir. İsmayıllı şəhərinin Heydər Əliyev meydanından başlayan yürüş Şəhidlər xiyabanında başa çatmışdır.
Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi yürüş başa çatdıqdan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər vətənin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişlər. Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda dinc mübarizəsinə qarşı törədilmiş qəsd, eyni zamanda sivil dünyaya, insanlığa yaraşmayan bir vəhşilik idi. 24 il əvvəl imperiya hərbi hissələri 147 nəfəri qətlə yetirmiş, yüzlərlə insan yaralanmış, itkin düşmüşdür. Ölənlər və yaralananlar arasında uşaqlar, qocalar və qadınlar da var idi.
Faciə ilə əlaqədar mərkəzi meydanda fotoslayd göstərilmiş, məktəblilər arasında keçirilən və 20 Yanvar faciəsinə həsr olunan rəsm müsabiqəsinin qaliblərinin əl işləri nümayiş etdirilmişdir.
Sonda ehsan süfrəsi açılmış, şəhidlərin ruhuna dualar oxunmuşdur.