CƏMİYYƏT
20 Yanvar faciəsinin 27-ci ildönümü Azərbaycan Hərb Tarixi Muzeyində anılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin və xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə günahsız insanların qətli ilə nəticələnən Qanlı Yanvar gecəsinin qanla yazılmış şanlı tariximizin azərbaycanlıların kimliyini, məğlubedilməzliyini bir daha sübut etdiyini, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin hər zaman xatırlanmalı və yad edilməli olduğunu bildirib.
Qeyd olunub ki, bu hadisənin tariximizdə ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Ağır texnikadan və odlu silahlardan istifadə edilməklə insanlığa qarşı törədilmiş terror aktı Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub.
Muzeyin elmi işçisi Zəfər Kərimovun məruzəsi dinlənildikdən sonra “20 Yanvar tarixin acısı, qan yaddaşımızdır” adlı qısametrajlı sənədli film nümayiş olunub.