QAN YADDAŞI
20 Yanvar faciəsinin 27-ci ildönümü bölgələrdə silsilə tədbirlərlə qeyd edilir
Beyləqan, 19 yanvar, AZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 27-cı ildönümü bölgələrdə silsilə tədbirlərlə qeyd edilir. İdarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində anım mərasimləri, konfranslar, yığıncaqlar, xatirə gecələri təşkil edilir.
AZƏRTAC xəbər verir ki, Beyləqan rayon Mədəniyyət Mərkəzində “Azadlıq aşiqləri” adlı ədəbi-bədii kompozisiya keçirilib. Çıxış edənlər Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən danışıblar. Bildirilib ki, 1990-cı il yanvarın 20-də xalqımız hərbi və siyasi təcavüzə məruz qalsa da, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirib.
Tədbirdə 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.
X X X
Yevlax şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Ağlayan qərənfil” adlı sərgi-tədbir keçirilib. Ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin mahiyyətindən danışıb, faciənin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar.
Tədbirdə məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyib, qanlı hadisələrlə bağlı fikirlərini bölüşüblər. Sonra iştirakçılar 20 Yanvar şəhidlərinə həsr edilən sərgi və muzeyin eksponatları ilə tanış olublar.
X X X
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ağcabədi rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Məktəblilər 20 Yanvar şəhidlərinin abidəsi önünə tər qərənfillər qoyaraq, Azərbaycanın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Şagirdlərə 27 il əvvəl Bakı şəhərində baş verən qanlı hadisələr barədə ətraflı məlumat verilib.
Ağcabədi rayon 5 saylı uşaq bağçası körpələr evinin uşaqları isə 20 Yanvar faciəsinin ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində olublar. Balacalar burada “Qanlı Yanvar” adlı sərgiyə baxıb, faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.
X X X
Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseydə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilib. Bərdə rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumtəhsil məktəblərinin qızlardan ibarət 8 komandası iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, şəhidlərimizin gənclərimiz üçün bir qəhrəmanlıq örnəyi olduğunu vurğulayıblar.
Olimpiya sistemi üzrə keçirilən yarışda rəqiblər püşkatma yolu ilə müəyyən edilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib komandalara rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları təqdim olunub.